Qəzza zolağında vəziyyətə nəzarət etmək üçün nəzərdə tutulmuş xarici sülhməramlı kontingent olan Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin gələn ilin əvvəlində anklav ərazisinə daxil olması planlaşdırılır. Amerika rəsmiləri bu barədə bir sıra media orqanlarına məlumat veriblər.
Qoşunların Fələstin ərazisinin münaqişədən sonrakı nizamlanmasında əsas element olması nəzərdə tutulur. Bununla belə, qüvvənin yaradılması prosesində ciddi problemlər yaranır. Bütün ölkələr öz qoşunlarını riskə atmağa hazır deyil. ABŞ artıq Avropa ölkələrinə və Yəmənin mərkəzi hökumətinə yardım üçün müraciət edib.
Adı açıqlanmayan ABŞ rəsmisi “The Jerusalem Post”a bildirib ki, ilk Beynəlxalq Stabilləşdirmə Qüvvələri qoşunları 2026-cı ilin əvvəlində Qəzza zolağına gələcək. BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trampın İsrail və HƏMAS arasındakı münaqişənin həlli planını təsdiq edən qətnaməni səsə qoyduqdan sonra, Ağ Ev rəsmi Vaşinqtonda sülhməramlı missiyanın yaradılması prosesini sürətləndirib. Onlar aydınlaşdırıblar ki, mandatına uyğun olaraq Qəzza zolağında atəşkəsə nəzarət edəcək və HƏMAS-ın silah arsenallarını ləğv edəcək. Beynəlxalq Stabilləşdirmə Qüvvələri BMT strukturlarına tabe olan kontingent olmayacaq. Gələcək qüvvəyə piyada, mühəndis, kəşfiyyat və polis bölmələrinin daxil olacağı gözlənilir. Tramp administrasiyası layihəni müharibədən sonrakı Qəzza strukturunun əsas elementi kimi qiymətləndirir, bu, hazırda təyin olunmuş sarı xəttə köçürülən və anklavın təxminən 53%-nə nəzarət edən İsrail qoşunlarının qismən çıxarılmasına imkan verir. Beynəlxalq Stabilləşdirmə Qüvvələri, plana görə, əsas sahələrin təhlükəsizliyini təmin etmək, Fələstin silahlı qruplaşmalarının dirçəlişinin qarşısını almaq və Trampın planına görə, beynəlxalq vasitəçilərin köməyi ilə qurulacaq mülki idarəçiliyin effektiv bərpasına cavabdehdir. Bununla belə, “i24” nəşrinin mənbələrinin qeyd etdiyi kimi, Beynəlxalq Stabilləşdirmə Qüvvələri layihəsi hələ başlanğıc mərhələsindədir. Təlim proqramı hələ hazırlanmayıb. Bundan əlavə, bu strukturun sabit maliyyələşdirilməsini təmin etmək üçün mühüm işlər görülməlidir. “i24”ün mənbələri vurğulayırlar ki, gələcək missiya maddi-texniki təminat məsələlərlə yanaşı, özünün hərbi obyektləri və qərargahlarının da ciddi nəzərdən keçirilməsini tələb edəcək. Ayrı bir məsələ, Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin sülhməramlı səylərini beynəlxalq humanitar təşkilatlarla necə əlaqələndirəcəyidir ki, onlar təkcə Qəzzaya zəruri malların çatdırılmasında deyil, həm də məhv edilmiş kritik infrastrukturun yenidən qurulmasında işləməlidirlər.
Yaxın Şərq ölkələri öz qoşunlarını münaqişə zonalarına göndərmək öhdəliyi götürməkdə tərəddüd edir, çünki onlar ictimai rəyin təsiri ilə daxildə mənfi reaksiyadan qorxurlar. Vaşinqtonun Beynəlxalq Stabilləşdirmə Qüvvələrində geniş beynəlxalq iştirakı sülhməramlıların uzunmüddətli legitimliyi üçün ilkin şərt hesab etdiyini nəzərə alaraq, regiondan kənar dövlətləri cəlb etməyə çalışır. “i24”dəki diplomatik mənbələrə görə, Tramp administrasiyası bir neçə avropalı oyunçuya yaxınlaşaraq, qarşıdakı missiyaya dəstək vermələrini xahiş edib. Bununla belə, bunun sülhməramlı kontingentə Avropa hərbçilərinin daxil olub-olmadığı aydın deyil. AFP agentliyinin Yəməndəki mənbələrinə görə, Yəmən beynəlxalq səviyyədə tanınmış hökumətinə Beynəlxalq Stabilləşdirmə Qüvvələrində iştirak etmək üçün açıq sorğu təqdim olunub. Qəzzadan müəyən coğrafi məsafədə olmasına baxmayaraq, İsrail və HƏMAS arasındakı münaqişə vətəndaş müharibəsi ilə parçalanan və Ərəbistan yarımadasının cənubunda yerləşən Yəmənə də ciddi təsir edib. Mərkəzi hökumətə müxalif olan və respublikanın əsasən şimal hissələrinə nəzarət edən Husilərin “Ənsar Allah” hərəkatı 2023-cü ildən yəhudi dövlətinə doğru ballistik raketlər və pilotsuz aparatlar buraxır. Oktyabrın 10-da Qəzzada atəşkəs qüvvəyə mindikdən sonra “Ənsar Allah” hücumlarını dayandırdı, lakin İsraillə razılaşma olmayacağı təqdirdə, hücumları bərpa edəcəyinə söz verdi. Ola bilsin ki, Yəmən hökumətinin Beynəlxalq Stabilləşdirmə Qüvvələrdə iştirakla bağlı potensial razılaşması Husiləri qıcıqlandıra bilər. Buna görə də ölkənin beynəlxalq səviyyədə tanınmış hakimiyyət orqanları hələ ki, sülhməramlı missiyada iştiraka razılıq verməyiblər. AFP mənbələri bildirir ki, onlar yaşıl işıq yandırsalar belə, Beynəlxalq Stabilləşdirmə Qüvvələrinə hər hansı töhfə sırf simvolik olardı. Bununla belə, Yəmənin cənubuna nəzarət edən və ardıcıl olaraq İsraillə münasibətləri normallaşdırmaq istəyini ifadə edən separatçı qrup olan Cənubi Keçid Şurasına da müraciət olunub. “The Jerusalem Post”un mənbələri dəqiqləşdirib ki, indiyədək yalnız iki ölkənin Qəzzaya qüvvələr göndərmək barədə razılığa gəldiyi məlumdur: Azərbaycan və İndoneziya. Amma “İsrail Hayom” qəzeti yazır ki, Azərbaycan da indi bundan imtina edir: “Bir neçə həftə əvvəl Qəzzada Beynəlxalq Stabilləşdirmə Qüvvələrinə qoşulmağı nəzərdən keçirən Azərbaycan Qəzzada əsgərlərinin həyatını təhlükəyə atmayacağını bildirib. Azərbaycan rəsmiləri yalnız bərpa prosesləri və sakitliyin qorunması mərhələsində iştirak barədə müzakirə aparırlar, lakin hazırda tələb olunan HƏMAS-ın tərk-silahı və zolağın demilitarizasiyası mərhələsinə qoşulmaq istəmirlər”. Bu arada HƏMAS hərəkatı ABŞ-ı Qəzza sektorunda atəşkəs razılaşmasının müddətinin başa çatması ilə bağlı hərbi əməliyyatlara qayıtmağa hazır olduqları barədə məlumatlandırıb. Məlumata əsasən, HƏMAS nümayəndələri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa və ABŞ liderinin kürəkəni Cared Kuşnerə razılaşmanın müddəti bitdikdən sonra İsrailin artıq anlaşmanın şərtlərini pozduğu üçün döyüşləri davam etdirməyə hazır olduqları barədə məlumat veriblər. Elə İsrail də hava əməliyyatlarını bərpa edib. Bu fonda Azərbaycanın əraziyə sülhməqramlı qüvvə göndərməsi mümkün hesab edilmir. Bütün bunlar fonunda Trampın sülh planının birinci mərhələsinin həyata keçirilməsi şübhə altında qalır. HƏMAS rəsmi öhdəliklərinə zidd olaraq 2023-cü il oktyabrın 7-də baş vermiş qırğın zamanı qaçırılan daha üç girovun qalıqlarını qaytara bilməyib. Qrup rəhbərliyinin özü mütəmadi olaraq İsrail dövlətini atəşkəsi pozmaqda ittiham edir. Məsələn, HƏMAS üzvləri bu yaxınlarda İsrail ordusunun nəzarətini sari xəttdən kənara da genişləndirdiyini iddia edirdilər. Radikalların sözlərinə görə, İsrail dövləti Qəzzanın şərqindəki mövqelərini genişləndirib. İsrailə gəlincə, o, HƏMAS-ın hakimiyyətdən yapışmağa davam edəcəyi təqdirdədaha genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazır olduğunu bildirib.
Nahid SALAYEV