Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu dəfə Ağdam, Ağdərə, Füzuli və Kəlbəcər rayonlarında daha bir qrup şəxsə proqram çərçivəsində “Kiçik dərzi sexi”, “Qadın gözəllik salonu”, “Poliqrafiya xidmətləri” və “Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti” zərfləri üzrə aktivlər təqdim edilib.
Verilmiş aktivlər hesabına onlar qeyd edilən istehsal və xidmət istiqamətləri üzrə kiçik ailə bizneslərini yaradıblar.
İndiyə qədər Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən 600-dək şəxs özünüməşğulluq proqramının dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını qurub.