Son dövrdə Ukraynada siyasi və hərbi idarəetmədə yaşanan böhranlar, prezident Volodimir Zelenskinin ətrafında toplanan narazılıqlar və ölkənin təhlükəsizlik sistemindəki çatlar artıq təkcə regional deyil, qlobal gündəmin əsas mövzularından birinə çevrilib.
Musavat.com xəbər verir ki, Ukraynada həm daxili siyasi parçalanma, həm korrupsiya qalmaqalları, həm də hərbi komandanlıq daxilindəki fikir ayrılıqları müharibə şəraitində ölkəni daha da zəif duruma salıb. Bu böhranın kökündə duran ən mühüm amillərdən biri isə güclü, strateji düşüncəyə malik və dövlətin taleyini müəyyən edə biləcək Liderin olmamasıdır.

Ukraynanın yaşadığı mürəkkəb durumda Zelenskinin liderlik keyfiyyətlərinin ciddi müzakirəyə çıxarılması təsadüfi deyil. Onun ətrafına topladığı komandanın təcrübə çatışmazlığı, mərkəzləşdirilmiş, lakin qeyri-səmərəli idarəetmə mexanizmləri, şəffaflığın azalması, eləcə də təsir dairəsinin real təhlükəsizlik ehtiyaclarından daha çox PR fəaliyyəti üzərində qurulması Ukrayna dövlətçiliyinin dayaqlarını sarsıdıb. Qərarların qeyri-müəyyən və gecikmiş şəkildə verilməsi, müdafiə strategiyasında koordinasiya problemləri, siyasi elitanın bir-birinə etimad göstərməməsi bu ölkəni daha da dərin fəlakətə sürükləyib.

Heç şübhəsiz ki, müharibə şəraitində Lider faktoru ən həlledici amillərdən biridir. Bunu illərlə tarixin səhifələrindən də oxumuşuq, bugünki reallıqlarda da görürük. Liderlik yalnız siyasi nitqlərdən ibarət deyil; düzgün kadr seçimi, strateji qərarvermə, milli ruhu və birliyi möhkəmləndirmək, dövlət institutlarını gücləndirmək, komandanı vahid mərkəz ətrafında toparlamaq kimi həyati vacib funksiyaları da əhatə edir. Ukraynada bu funksiyaların əksəriyyətində müşahidə edilən boşluqlar son illərdə daha aydın görünməyə başlayıb. Yəni ümumiləşdirsək belə demək olar ki, Ukraynanın faciəsi təkcə xarici təhdidlərin deyil, daxili liderlik çatışmazlığının nəticəsidir.

Bunu təkcə biz demirik, illərlə uzanan müharibə fonunda xarici ekspertlərlə vurğulayırlar. Zelenski “sevənlər”, mövqe qoruyanlar, silah satanlar, bazar açanlar çoxdur. Ortada tapdalanan isə Ukrayna torpaqları, əziyyət çəkən ukraynalılardır.
Buradan Azərbaycana keçid etdikdə mənzərə tam əksini göstərir. 30 illik işğal dövrü Azərbaycan üçün həm siyasi, həm sosial, həm də psixoloji baxımdan ən ağır mərhələ idi. Lakin bu dönəmdə Prezident İlham Əliyev ardıcıl, məqsədyönlü və prinsipial mövqeyi ilə həm ölkə daxilində sabitliyi qorudu, həm də beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyini sistemli şəkildə gündəmə çıxardı. O dövrdə böyük güclər tərəfindən Azərbaycanın çağırışlarına çox vaxt biganə yanaşılırdı; beynəlxalq təşkilatlar, “demokratiya və insan hüquqları” şüarları ilə çıxış edən qüvvələr real ədalətin bərqərar olması üçün heç bir ciddi addım atmırdılar.

Bütün bu təzyiqlər fonunda İlham Əliyevin nümayiş etdirdiyi liderlik keyfiyyətləri Azərbaycan dövlətçiliyinin əsas dayağı oldu. Onun qətiyyəti, diplomatik çevikliyi, siyasi iradəsi və strateji baxışı sayəsində Azərbaycan gücdən-gücə gedirdi. Ordunun modernləşdirilməsi, iqtisadi potensialın gücləndirilməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, enerji diplomatiyasının inkişafı və regionda balanslı siyasət formalaşdırılması bu gün Azərbaycanın əsas üstünlüklərindən biridir.
44 günlük Vətən müharibəsi bu liderliyin ən parlaq təzahürü oldu. Azərbaycan heç bir xarici yardım almadan, tamamilə öz gücünə arxalanaraq tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Müharibənin nəticələri həm regionda, həm də dünyada yeni reallıq yaratdı və bu reallıq artıq bütün ölkələr üçün qəbul olunmuş faktdır. Azərbaycanın qələbəsi təkcə hərbi deyil, həm də siyasi və diplomatik qələbə idi — uzun illər ərzində aparılmış strateji hazırlığın məntiqi nəticəsi kimi ortaya çıxdı.

Bu gün Azərbaycanda dövlət idarəetməsi ardıcıl, institusional və strateji baxımdan sabit bir sistemə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həm regional güc mərkəzinə, həm də beynəlxalq sabitliyin etibarlı tərəfdaşına çevrilməkdədir. Azərbaycan artıq yalnız öz problemlərini həll edən deyil, regionun gələcəyini müəyyən edən dövlət kimi çıxış edir.
Bu mənzərə iki ölkə arasında əsas fərqi açıq şəkildə göstərir: Ukraynanın faciəsinin kökündə dayanan əsas problem güclü liderliyin olmamasıdırsa, Azərbaycanın uğurunun əsas səbəbi Prezident İlham Əliyevin qətiyyətli, praqmatik və strateji liderliyidir. Liderlik dövlətin təhlükəsizliyini, xalqın gələcəyini və dövlətçiliyin dayanıqlığını müəyyən edən başlıca amildir. Azərbaycanın nümunəsi bir daha sübut edir ki, güclü lideri olan ölkə heç vaxt zəif düşmür; zamanın sınaqları nə qədər ağır olsa da, belə dövlətlər həmin sınaqları qələbə ilə başa vurur.
Əli Rais,
Musavat.com