AZ

Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionları arasında əməkdaşlıq görüşü olub  

İran İslam Respublikasının Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionları arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş görüş keçirilib. Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın rəsmi nümayəndə heyətləri iştirak edib.

Neftçala Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşdə sahilyanı regionlar arasında ticarət, sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, investisiya və ekoloji sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri plenar iclaslarda müzakirə olunub. Tədbirdə İran İslam Respublikasının xarici işlər və mədəniyyət nazirləri, eləcə də ölkənin digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin tərkibində sahilyanı regionları təmsil edən Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov iştirak ediblər. Tədbirin açılışında və xüsusi plenar sessiyada çıxışı zamanı Mirhəsən Seyidov Xəzər dənizinin regionlarımız arasında əməkdaşlığın gücləndirilməsi, sabitliyin möhkəmləndirilməsi, dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün mühüm strateji platforma olduğunu vurğulayaraq, Xəzərin üzləşdiyi qlobal ekoloji problemin həllində birgə səy göstərilməsinin lazım olduğunu xüsusilə qeyd edib. O, həmçinin sahilyanı bölgələr arasında əlaqələrin genişlənməsinin ticarət, turizm, nəqliyyat və ekoloji sahələrdə yeni imkanlar açması və ümumi regional rifaha xidmət etməsi ilə bağlı ətraflı məlumat verib.

Görüş çərçivəsində Xəzəryanı regionlar arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, nəqliyyat şəbəkələrinin genişləndirilməsi, sərmayə layihələrinin təşviqi və sahilyanı ekosistemin qorunması üzrə bir sıra praktiki təkliflər müzakirə edilib.

İclasın sonunda, Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşünün Kommünikesi qəbul olunub.

Seçilən
25
11
azerbaijan-news.az

10Mənbələr