Ajans.az xəbər verir ki, görüşdə sahilyanı regionlar arasında ticarət, sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, investisiya və ekoloji sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri plenar iclaslarda müzakirə olunub. Tədbirdə İranın xarici işlər və mədəniyyət nazirləri, eləcə də ölkənin digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin tərkibində sahilyanı regionları təmsil edən Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov iştirak ediblər. Tədbirin açılışında və xüsusi plenar sessiyada çıxışı zamanı Mirhəsən Seyidov Xəzər dənizinin regionlarımız arasında əməkdaşlığın gücləndirilməsi, sabitliyin möhkəmləndirilməsi, dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün mühüm strateji platforma olduğunu vurğulayaraq Xəzərin üzləşdiyi qlobal ekoloji problemin həllində birgə səy göstərmək lazım olduğunu xüsusilə qeyd edib. Həmçinin, sahilyanı bölgələr arasında əlaqələrin genişlənməsinin ticarət, turizm, nəqliyyat və ekoloji sahələrdə yeni imkanlar açdığı və ümumi regional rifaha xidmət etməsi ilə bağlı ətraflı məlumat verib. Görüş çərçivəsində Xəzəryanı regionlar arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, nəqliyyat şəbəkələrinin genişləndirilməsi, sərmayə layihələrinin təşviqi və sahilyanı ekosistemin qorunması üzrə bir sıra praktiki təkliflər müzakirə edilib.
İclasın sonunda Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşünün Kommünikesi qəbul olunub.