AZ

Deputat Yevlaxın qlobal problemi ilə bağlı hökumətə müraciət etdi

Deputat İlham Məmmədov Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi inkişaf siyasətinin ardıcıl davamı olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, deputat qeyd edib ki, sənəd təkcə maliyyə planı deyil, həm də növbəti illər üçün inkişaf xəritəsini müəyyən edir:

“2026-cı ilin büdcə layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı da buna səsləyirəm. Qeyri-neft sektorunun inkişafını prioritetləşdirən büdcə layihəsində qeyri-neft gəlirlərinin cari xərcləri ödəmə qabiliyyəti 88,1% təşkil edir. Bu, islahatların səmərəliliyini göstərən çox ciddi göstəricidir”.

Deputat bildirib ki, büdcənin əsas istiqamətləri sosial rifah, təhlükəsizlik və Böyük Qayıdışdan ibarətdir. O, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına verdiyi xüsusi önəmi qeyd edib və Yevlaxda son illər həyata keçirilən layihələri xatırladıb.

İlham Məmmədov bildirib ki, dövlət başçısının 2024-cü ilin 22 iyul və 27 sentyabr tarixlərində Yevlaxa səfərləri zamanı Olimpiya İdman Kompleksinin, yeraltı piyada keçidinin, su təmizləyici qurğunun, 110/35 kilovoltluq yarımstansiyanın, “Azərişıq”ın Aran Regional İdarəetmə Mərkəzinin və 2000 hektarlıq Yevlax Pilot Aqroparkının açılışları həyata keçirilib:

“Təkcə Pilot Aqroparkda 500 daimi və mindən çox mövsümi iş yeri yaradılıb. Su təmizləyici qurğu isə 66 min sakinin içməli su təchizatını təmin edir”.

Deputat Yevlaxın əsas infrastruktur problemlərindən biri ilə bağlı hökumətə yenidən müraciət edib. O bildirib ki, Bakı–Tbilisi–Qars dəmir yolunun Yevlax şəhəri ərazisindən keçən 251-ci kilometrində 1987-ci ildə ləğv edilən qorunan dəmiryolu keçidi səbəbindən bir sıra massivlərdə yaşayan 10 minə yaxın sakin şəhərin digər tərəfinə keçmək üçün avtomobillə 10 kilometr əlavə yol qət etməyə məcburdur.

“Bu məsələni seçicilərimin xahişi ilə dəfələrlə səsləndirmişəm. Hörmətli cənab baş nazir, xahiş edirəm, dəmir yolunun şəhər ərazisindən keçən hissəsində avtomobillər və piyadalar üçün cəmi 20–25 metrlik yeraltı keçidin salınmasına köməklik göstərəsiniz”, – deputat bildirib.

Afət Ziyadqızı

Seçilən
52
40
operativmm.az

10Mənbələr