Podqoritsa: Diplomatın açıqlamaları Monteneqronun daxili işlərinə açıq və qəbuledilməz müdaxilədir…
Poliqon xəbər verir ki, Monteneqro Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfiri Aleksandr Lukaşiki çağıraraq ona etiraz notasını təqdim edib. Buna səbəb diplomatın Monteneqro Silahlı Qüvvələrinin Ukraynanın təhlükəsizliyinin artırılmasına yönəlmiş NATO mexanizminə, NSATU proqramına qoşulması ilə bağlı tənqidi açıqlamaları olub. Lukaşik bu addımın Moskva–Podqoritsa münasibətlərini pisləşdirmək məqsədi daşıdığını iddia etmişdi.
“Son günlər səsləndirilən uyğunsuz açıqlamalar və KİV-lərdəki şərhlər Monteneqronun daxili işlərinə açıq və qəbuledilməz müdaxilənin bariz nümunəsidir”, deyə Monteneqro XİN-in bəyanatında bildirilir.
Qurum əlavə edib ki, bundan sonra analoji açıqlamalar “düşməncəsinə addımlar” kimi qiymətləndiriləcək.
Rəsmi Podqoritsa vurğulayıb ki, ölkə öz milli və strateji maraqlarına uyğun siyasət yürüdür və bu maraqların əsas istiqamətləri NATO üzvlüyü və Avropa İttifaqına qoşulma prosesinə sadiqlikdir.
Monteneqro ilə Rusiya arasındakı diplomatik münasibətlər son illərdə ardıcıl şəkildə pisləşib. Xüsusən də NATO-ya üzvlükdən sonra Podqoritsa Moskvanın siyasi təsir cəhdlərinə qarşı daha sərt mövqe sərgiləyir. NSATU proqramına qoşulma qərarı da Monteneqronun Qərb təhlükəsizlik strukturundakı rolunu gücləndirmə niyyətinin davamı kimi qiymətləndirilir.
Poliqon.info