ain.az, Redaktor.az saytına istinadən bildirir.
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsi ötən gün Azərbaycandan uçuş zamanı Gürcüstan hava məkanında qəzaya uğrayıb. Yayılan görüntülərdə təyyarənin quyruq hissəsinin qopduğu və parçalanmış halda yerə düşdüyü görünür. Hazırda hadisənin səbəbləri üzrə bir neçə versiya - hava şəraiti, texniki nasazlıq, daxili partlayış və ya kənardan müdaxilə - müzakirə olunur, lakin təyyarənin yaşı və ilkin müşahidələr texniki problem ehtimalını daha yüksək göstərir.
Maraqlıdır, qəza zamanı ekipaj üzvləri və digər hərbçilər paraşütlə tullana bilməzdilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert Səxavət Məmməd bildirdi ki, Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı bir çox məsələ araşdırılır və müxtəlif versiyalar nəzərdən keçirilir:
"Katapult yalnız döyüş təyyarələrində olur, yük və mülki təyyarələrdə katapult sistemləri yoxdur. Ona görə də pilotların katapult etməsi mümkün deyil, pilotlarda adətən yalnız şəxsi paraşütlər olur. Əgər təyyarədə qəfil yanğın baş verərsə və ya təyyarənin elektron sistemi sıradan çıxarsa, hündürlük və yanğının intensivliyindən asılı olaraq təyyarədəki şəxslərin paraşütdən istifadə edib-etməməsi şübhə altına düşür. Belə hallarda təyyarənin yüksəkdən yanaraq və parçalanaraq düşməsi paraşütdən uğurla istifadə edilməsini demək olar ki, mümkünsüz edir. Artıq "qara qutu"nun tapılması xəbər verilib və müxtəlif versiyalar müzakirə olunur. Təyyarənin yaşı da nəzərə alınarsa, hesab edirəm ki, qəzanın texniki problemlərdən, məsələn, mühərrikin yanmasından və ya elektron sistemin sıradan çıxmasından baş vermə ehtimalı daha yüksəkdir".
Nuriyyə NATİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.