AZ

Dambrauskas: “Bu, mənim görmək istədiyim “Sabah” deyil”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 11-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Qəbələdə baş tutmuş oyun paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Dambrauskas oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bütün Azərbaycan xalqını, “Sabah” azarkeşlərini Zəfər Günü münasibəti ilə təbrik edirəm. Qələbə münasibəti ilə rəhbərliyi, futbolçuları təbrik edirəm. Qələbəyə çox ehtiyacımız var idi. Oyunun məzmunundan heç də razı qalmadım. Çünki biz başlanğıcdan sona qədər çoxlu səhvlər etdik. “Kəpəz”in çox yaxşı oyun planı var idi. Uzun toplarla hücumlara çıxırdılar. Müdafiəçilərimiz diqqətli olmadılar. Oyundan yox, nəticədən məmnunam. Biz daha çoxunu göstərməliydik. Amma üç xal qazanmışıqsa, mühümdür. Çünki bu üç xal sonradan turnir cədvəlində öz əksini tapır. Qarşıda milli komandalara görə fasilə yaranacaq, uşaqlara istirahət verəcəyik. Yaxşı bərpa olunacağıq”.

Dambrauskas komandasının oyununda nəyi bəyənmədiyini də vurğulayıb:

“Müdafiə xəttimiz kifayət qədər düzgün mövqe seçə bilmirdi. Dominant “Sabah”ı görə bilmədim. Oyun ritmimiz yaxşı deyildi. Dəyişikliklər etdik. Onlar da oyuna az da olsa, qığılcım qatdılar. Hücumları bəzən qapıya zərbələrlə bitirə bilmirdik. “Qarabağ”, “Zirə”, “Neftçi”, “Araz-Naxçıvan”, “Turan Tovuz” kimi komandalar belə epizodlarda bizi əfv etməyəcək. Biz onlara qarşı 10 qol fürsəti yarada bilməyəcəyik. Cəmi 1-2 fürsətdən yararlanmalıyıq. Turnir cədvəlinə baxsaq, yaxşıyıq. Amma bu gün gördüyünüz “Sabah” mənim görmək istədiyim “Sabah” deyil. Standartlardan aşağı çıxış etdik, performansımız istədiyim kimi deyildi. Üç qol vurduq. Oyunçular haqqını verdilər. Amma biz daha da yaxşı olmalıyıq.

Turnir cədvəlinə baxmırıq. Mövsümün sonunda turnir cədvəlində fərqliliklər ola bilər. Hər oyundan sonra fərdi səhvlərimiz varsa, onu fikirləşirik. Mənim üçün ən önəmlisi davamlılıqdır. Bu gün yaxşı oyna, sabah pis oyna, bunu istəmirəm. Bizim üçün ən önəmli açarlardan biri döyüşkənlik, oyuna fokuslanmaqdır. Düzdür, bu gün 3:1 qalib gəldik. Amma düşünün ki, rəqib hesabı 3:2 etsə, bizdə narahatlıq yaranardı. Fərqli mentalitet yaratmaq istəyirik. Hesabdan asılı olmayaraq, dayanmaq istəmirik”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
14
16
arena.az

10Mənbələr