Gəncə şəhərində aerobika gimnastikası üzrə Avropa çempionatının rəsmi açılış mərasimi baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, tədbir Gəncə İdman Sarayında təşkil olunub.
Açılış mərasimində əvvəlcə iştirakçı ölkələr təqdim edilib, dövlət bayraqları zala gətirilib. Daha sonra Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək iştirakçıları Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib:
“Bizə zəfəri yaşadan şəhidlərimizin ruhu şad olsun, qazilərimizə sağlam həyat arzulayıram. Dövlət başçısı İlham Əliyevin idmana göstərdiyi qayğı nəticəsində ölkəmizdə bütün idman sahələri sürətlə inkişaf edir. Gəncə bu dəfə aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edir və bu, şəhər üçün böyük hadisədir. Turnirdə iştirak edən bütün idmançılara uğurlar arzulayıram.”
Nazirin çıxışından sonra Dövlət Himni səsləndirilib və mərasim bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, yarışlar noyabrın 9-dan 11-dək gənclər və 15 yaşadək idmançılar, noyabrın 14-dən 16-dək isə böyüklər arasında keçiriləcək.
Avropa çempionatında 20 ölkədən 380 gimnast fərdi, üçlük, qarışıq cütlük, qrup və aerodans proqramları üzrə mübarizə aparacaq.