AZ

Paşinyanın SENSASİON etirafına Kreml “sülh olmayacaq” reaksiyası verdi: Rusiya “3+3” formatlı yeni “geopolitik silah” yaratmağa çalışır

Cənubi Qafqazda regiondankənar güclər arasında kəskinləşən amansız rəqabətə paralel olaraq, məhz Azərbaycan regional hərbi-siyasi və geostrateji iradə mərkəzinə çevrilir… İndi əsas mübarizə yalnız Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması deyil, həm də regionun gələcək geopolitik xəritəsini formalaşdırmaq hüququ uğrunda gedir…

Azərbaycan və Ermənistan arasında sülh prosesi son vaxtlar real dinamika qazanıb. Ancaq bu prosesə paralel olaraq, Rusiyanın Cənubi Qafqazda zəifləyən mövqelərini bərpa etmək cəhdləri də getdikcə, daha qabarıq şəkildə müşahidə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin paytaxt Bakıda keçirilən hərbi paradda səsləndirdiyi mesajlar, Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağla bağlı önəmli etirafı və Rusiya Xarici İşlər Nazirliyinin “3+3” formatını yenidən gündəmə gətirməsi Cənubi Qafqazda yeni siyasi-diplomatik mərhələnin başlandığını göstərir.

Maraqlıdır ki, Prezident İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxışı zamanı Ermənistanın İkinci Qarabağ müharibəsindən öncəki dövrdə əvvəlki məğlubiyyətlərdən dərs almadığını, əksinə, daha aqressiv ritorika ilə çıxış edərək, Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürdüyünü vurğulayıb: “Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Deyirdilər ki, yeni torpaqlar uğrunda yeni müharibəyə başlayacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Ancaq onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş olunur”.

58ca911243c3fd4ca9342955a69a883a.jpg

Azərbaycan liderinin bu bəyanat yalnız savaşın nəticələrini deyil, həm də müharibədən sonrakı geopolitik reallığı tam şəkildə ifadə edir. Rəsmi Bakının indi verdiyi əsas geopolitik mesaj ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda “müharibə dövrünün nəticələri sülh danışıqlarının başlanğıc nöqtəsidir” və bu reallıq artıq dəyişməzdir. Və ən əsası isə sülh prosesi qalib ölkənin – Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində diqtə etdiyi şərt-tələblərə uyğun olmalıdır.

Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyan da bu mövzuya yönəlik son açıqlamasında etiraf edib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımamaq onun ən böyük siyasi səhvi olub. Erməni baş nazirin fikrincə, əslində, lap əvvəldən etiraf etmək lazım idi ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır: “Çünki başqa variant mövcud deyildi. Əgər, düşünürüksə ki, bunu 2018-2019-cu illərdə edə bilərdik, bəli, bu, mənim səhvim idi, çünki mən bunu vaxtında etmədim”.

Təbii ki, baş nazir Nikol Paşinyanın bu etirafı həm Ermənistanın ölkədaxili siyasi diskursunda olduqca mühüm dönüş, həm də rəsmi İrəvanın Qərblə yaxınlaşma siyasətində ideoloji əsaslandırma kimi dəyərləndirilə bilər. Erməni baş nazir faktiki olaraq, Ermənistanın iflasa uğramış və hərbi məğlubiyyət ilə nəticələnmiş “Qarabağ siyasəti”ni bağlayır və tədricən “reallıqla uzlaşma” xəttini seçir. Və bu, həm də Rusiyanın Cənubi Qafqazda təsirinin zəifləməsinə paralel olaraq, Ermənistanın siyasi-diplomatik istiqamətini dəyişdiyinin göstəricisidir.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg

Ancaq nə qədər qəribə də olsa, Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatında bildirilir ki, Azərbaycan və Ermənistan “normallaşma prosesinə geriyə dönməz xarakter vermək üçün hələ çox iş görməlidirlər” və Kreml bu prosesə dəstək göstərməyə hazırdır. Bu, ilk baxışdan neytral bəyanat kimi görünsə də, əslində, Rusiyanın Cənubi Qafqazdakı sülh prosesindən kənarda qalmaq istəmədiyini göstərir. Çünki Ukrayna savaşına paralel olaraq, Kreml Cənubi Qafqazda həm hərbi-strateji, həm də siyasi-diplomatik mövqelərini böyük ölçüdə itirib. Və Rusiyanın Qarabağdakı sülhməramlı kontingentin çıxarılması, eləcə də, Azərbaycan-Ermənistan sülh danışıqlarının artıq Qərb platformalarına daşınması bu itkilərin ən konkret örnəkləridir.

Eyni zamanda, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da Cənubi Qafqazda vəziyyətin daim diqqət tələb etdiyini bildirib və “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) fəaliyyətin bərpa olunmasının vacibliyini vurğulayıb. Bu açıqlama Rusiya və İranın Cənubi Qafqazda Qərb diplomatiyasına qarşı cavab mexanizmi kimi qiymətləndirilə bilər. Və Kremlin “3+3” formatına bağlı məqsədləri bir neçə səviyyədə özünü göstərir.

Birincisi Rusiya bu format sayəsində ABŞ və Qərbin regional sülh prosesinə vasitəçilik fəaliyyətini balanslaşdırmaq niyyəti güdür. Çünki ABŞ və Avropa Birliyinin Azərbaycan-Ermənistan sülh prosesində artan rolu Rusiyanın regiondakı strateji maraqlarına təhdid yaradır. Digər tərəfdən, Kreml Rusiyanın regional təsir dairəsini qorumağa cəhd göstərir. Yəni, Kreml Cənubi Qafqazda hərbi dayaqlarını itirsə də, siyasi-diplomatik alətlər vasitəsilə öz nüfuzunu yenidən bərpa etmək istəyir. Nəhayət, Rusiya bu regionda İranla koordinasiyalı siyasətə ehtiyac duyur. Çünki rəsmi Tehran da Kreml kimi, “3+3” formatını Qərbin və Türkiyənin artan regional təsirinə qarşı müqavimət platforması kimi görür.

3b396421cad2126f4334ae9141857b65.jpg

Ancaq “3+3” formatının Cənubi Qafqazda real fəaliyyət platformasına çevrilmə ehtimalı bir sıra önəmli amillərdən asılıdır. Birincisi, Gürcüstan məhz Rusiya ilə gərgin münasibətlər səbəbindən “3+3”də iştirakdan yayınır. Bu isə formatın tam regional təmsilçiliyini birmənalı şəkildə zəiflədir. Digər tərəfdən, ABŞ və Qərbin regionda siyasi-diplomatik fəallığı artdıqca, “3+3” formatı da buna paralel olaraq, geopolitik reallıqdan daha çox geostrateji balanslaşdırma alətinə çevrilir. Nəhayət, Azərbaycan-Türkiyə İttifaqı üçün bu format indi yalnız praktik nəticələr – sülh sazişi, sərhədlərin açılması, regional nəqliyyat-kommunikasiya layihələrinin canlanması olarsa, əhəmiyyət kəsb edə bilər.

Göründüyü kimi, hazırda Cənubi Qafqazda iki paralel və bir-biri ilə ziddiyyət təşkil edən siyasi-diplomatik xətt mövcuddur. Belə ki, ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə ifadə olunan Qərb xətti Azərbaycan-Ermənistan birbaşa sülh prosesini birmənalı şəkildə dəstəkləyir. Buna alternativ olaraq isə Rusiya-İran xətti “3+3” formatı vasitəsilə manevrlər edərək, regiondakı Qərb təsirini balanslaşdırmağa çalışır və hətta sülh prosesini əngəlləyib, pozmağa cəhd göstərir.

Cənubi Qafqazdan kənar güclər arasında kəskinləşən bu amansız rəqabətə paralel olaraq, məhz Azərbaycan regional hərbi-siyasi və geostrateji iradə mərkəzinə çevrilir. Ermənistan isə hələlik yalnız öz xarici siyasətində Rusiyadan uzaqlaşma istiqamətinə doğru növbəti keçid dövrünü yaşayır. Bu baxımdan, Cənubi Qafqazda “müharibədən sonra diplomatiya” mərhələsi artıq başlamış kimi görünür. Və bu mərhələdə indi əsas mübarizə yalnız sülh sazişinin imzalanması deyil, həm də regionun gələcək geopolitik xəritəsini formalaşdırmaq hüququ uğrunda gedir.

Elçin XALİDBƏYLİ,
“Yeni Müsavat” Media Qrupu

Seçilən
9
4
editor.az

10Mənbələr