AZ

Parlamentin 4 komitəsinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Noyabrın 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

İclası açan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçmiş, siyasi-iqtisadi uğurlar əldə etmiş, qlobal layihələr reallaşdırmış və dövlət suverenliyini tam bərpa edib. Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistan-Azərbaycan sülh müqaviləsinin paraflanması isə ölkəmiz üçün yeni mərhələ açıb.

Milli Məclis sədrinin müavini qeyd edib ki, büdcə layihəsi təkcə dövlətin əsas maliyyə sənədi deyil, həm də qarşıya qoyulan məqsəd və vəzifələrin bir il ərzində idarə olunmasını və həyata keçirilməsini təmin edən strateji sənəddir. Sədr müavini dövlət büdcəsinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulmuş beş milli prioritetin reallaşdırılması üçün etibarlı maliyyə bazası yaratdığını, bu prioritetlər sırasında dayanıqlı sosial-iqtisadi inkişafın, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı məsələlərinin cari ildə də diqqət mərkəzində saxlanılacağını söyləyib.

Ziyafət Əsgərov deyib ki, dünyada geosiyasi ziddiyyətlərin artması, yeni hərbi-siyasi blokların formalaşması və beynəlxalq münasibətlərdə gərginliyin yüksəlməsi fonunda milli təhlükəsizliyin möhkəmləndirilməsi hər bir dövlət üçün prioritet məsələdir. O vurğulayıb ki, ölkəmizdə də bu istiqamətdə ardıcıl addımlar atılır və müdafiə qabiliyyətinin artırılması daim diqqət mərkəzində saxlanılır.

Parlament sədrinin müavini Ziyafət Əsgərov, ümumilikdə 2026-cı ilin dövlət büdcəsinin ölkənin sosial rifahını, iqtisadi sabitliyini və milli təhlükəsizliyini təmin edən, qarşıya qoyulan strateji hədəflərə uyğun sənəd olduğunu bildirib.

Sonra iclasda maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini diqqətə çatdırıb. O, 2026-cı ilin dövlət büdcəsinin Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin əsas parametrləri rəhbər tutularaq hazırlandığını vurğulayıb. Həm 2026-cı il, həm də ortamüddətli dövr ərzində bu parametrlərin əsas hədəflərinin müəyyən edildiyini və bu çərçivədə ölkəmizdə makroiqtisadi, monetar və fiskal sabitliyin təmin olunacağını bildirib. Qeyd edilib ki, büdcə paketi çərçivəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi, habelə əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində tədbirlərin maliyyələşdirilməsi önəmli hesab olunur. Bununla yanaşı, Böyük Qayıdış Proqramının icrası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və bərpası, keçmiş məcburi köçkünlərin bu ərazilərə geri qayıtması üçün maliyyə təminatı yaradılıb. Həmçinin iqtisadiyyatın inkişafı, davamlı kapital qoyuluşunun təmin edilməsi, infrastrukturun daha da yaxşılaşdırılması üçün müvafiq təminatlar nəzərdə tutulub. Büdcə zərfində özəl sektorun dəstəklənməsi, vergi yükünün optimallaşdırılması ilə bağlı bir çox normativ- hüquqi aktlar da ehtiva olunur. Layihədə həm də büdcənin neft gəlirlərindən asılılığının azaldılmasına, ölkənin valyuta ehtiyatlarının qorunmasına yönəlmiş tədbirlər öz əksini tapıb.

Əsas makroiqtisadi göstəriciləri təqdim edən Sahil Babayev 2026-cı ildə ümumi daxili məhsulun 134,1 milyard manat məbləğində formalaşdırıldığını və cari illə müqayisədə 2,9 faiz artırıldığını, o cümlədən qeyri neft-qaz ÜDM-in növbəti ildə 101,7 milyard manat təşkil edəcəyini və cari illə müqayisədə 5 faiz artırıldığını deyib. Qeyd edilib ki, xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 4,8 faiz müəyyən edilib. 2026-cı il üçün dövlət borcu üzrə proqnozun ÜDM-də nisbəti 21,8 faiz olaraq qiymətləndirilir. Ölkənin strateji valyuta ehtiyatları hazırda 81,5 milyard ABŞ dolları həcmindədir. Növbəti ildə Neft Fondundan büdcəyə transfert 1 milyard ABŞ dolları həcmidə azaldılıb. Bununla yanaşı, proqnoz göstəricilərdə dövlət büdcəsinin cari xərclərinin 90 faizinin qeyri neft-qaz sektorundan olan gəlirlərin hesabına qarşılanması proqnozlaşdırılır. 2026-cı ilin icmal büdcəsində qeyri neft-qaz gəlirlərinin payının 63 faizə çatdırılması, dövlət büdcəsində isə bu rəqəm 57 faiz nəzərdə tutulub. İcmal büdcədə növbəti ildə qeyri neft-qaz baza kəsirinin ÜDM-də nisbəti 19 faiz müəyyən edilib. Xərclərin uzunmüddətli sosial-iqtisadi ehtiyaclara uyğun tərtib olunduğu, icmal büdcə xərclərinin qeyri neft-qaz ÜDM-də payının 48 faiz olduğu, ümumi ÜDM-də bunun payının 36 faiz təşkil etdiyi söylənilib. Habelə, bildirilib ki, regionların büdcədən asılılığının azaldılması istiqamətində lazımi addımlar atılır və əksər rayonların gəlirləri öz xərcləri hesabına təmin edilir.

Nazir diqqətə çatdırıb ki, icmal büdcənin xərcləri 48,8 milyard manat, dövlət büdcəsinin xərcləri isə 41,7 milyard manat məbləğində müəyyən olunub. Cari xərclər ümumi xərclərin 60 faizi və ya 25,2 milyard manat, əsaslı xərclər isə ümumi xərclərin 34 faizi və ya 14,1 milyard manat olaraq proqnozlaşdırılıb. Qeyd edilib ki, növbəti ilin büdcəsində dövlət borcuna xidmətlə bağlı xərclər 2,5 milyard manat, sosialyönlü xərclər 17,1 milyard manat, təhsil sahəsində xərclər 5 milyard manat, sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat, səhiyyə xərcləri 2 milyard manat, icmal səhiyyə xərcləri isə 3,7 milyard manat, ölkənin müdafiə və milli təhlükəsizliyi ilə bağlı xərclər 8,7 milyard manat, iqtisadi fəaliyyət xərcləri 7,9 milyard manat, o cümlədən Böyük Qayıdış Proqramının icrası üçün 3,5 milyard manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərcləri 3,3 milyard manat və bir sıra digər istiqamətlər üzrə xərclər müəyyən edilib.

Bildirilib ki, 2026-cı ildə icmal büdcənin gəlirləri 45 milyard manat, dövlət büdcəsinin gəlirləri isə 38,6 milyard manat təşkil edəcək. O cümlədən qeyri neft-qaz sektoru üzrə gəlirlər 22,2 milyard manat, neft-qaz sektoru üzrə gəlirlər 16,4 milyard manat, Dövlət Vergi Xidmətindən daxilolmalar 16,9 milyard manat, Dövlət Gömrük Komitəsi vasitəsilə daxilolmalar 6,9 milyard manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə gəlirlər 1 milyard 21 milyon manat, sair gəlirlər 531 milyon manat, Dövlət Neft Şirkətinin dividendlərindən isə 450 milyon manat gəlir proqnozlaşdırılır. Növbəti ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat məbləğində qiymətləndirilir.

Tədbirdə Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov çıxış edərək bildirib ki, Palatanın hazırladığı rəy 2026-cı il üçün dövlət büdcəsinə dair qanun layihəsinin mövcud qanunvericilik aktlarına uyğunluğu, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, həmçinin bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir. O qeyd edib ki, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğunluğunun təmin olunması dövlət büdcəsinin gəlir və xərclərinin uçotunun düzgün aparılması istiqamətində Hesablama Palatasının əvvəlki rəylərində göstərilmiş əksər məsələlər büdcə zərfində nəzərə alınıb, habelə bəzi düzəlişlər edilib.

Diqqətə çatdırılıb ki, 2026-cı ilin dövlət büdcəsinin layihəsi ilə bağlı təqdim olunmuş məlumatlarda “Büdcə sistemi haqqında” Qanunda büdcə sisteminin vahidliyi və bu sistemə aid olan büdcələrin müstəqilliyi ilə bağlı təsbit edilmiş tələblər təmin olunub, layihə vahid büdcə təsnifatı tətbiq edilməklə tərtib edilib. Bildirilib ki, Hesablama Palatası tərəfindən qanun layihəsinə daxil edilmiş göstəricilər maddələr üzrə təhlil edilib, bəzi maddələr üzrə təkmilləşdirmələrin aparılması məqsədə müvafiq hesab olunub. Növbəti ilin baza ssenarisində olan proqnozlarda ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi, o cümlədən iqtisadiyyatda real artımın, məqbul inflyasiyanın, cari əməliyyatlar balansında profisitin və sabit məzənnənin müşahidə olunacağı gözlənilir.

Qeyd olunub ki, sənəddə xarici iqtisadi mühit və ticarət tarifləri, xam neftin qiymətində dalğalanmalar və hasilat, dövlət borcu və dövlət zəmanəti üzrə maliyyə öhdəlikləri, bürcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təmin olunması, dayanıqlı pensiya təminatı sisteminin formalaşması ilə bağlı çağırışlar, habelə iqlim dəyişikliyi fiskal risklər kimi göstərilib. Əksər risklər üzrə yumşaldıcı tədbirlər müəyyənləşdirilib, bəzi hallarda risklərin maliyyə tutumu qiymətləndirilib.

Bildirilib ki, təhlillərə əsasən, növbəti ilə Dövlət Vergi Xidməti xətti ilə daxilolmaların bəzi mənbələr üzrə proqnozlaşdırılan gəlirlərin reallaşdırılmasında ciddi risklər yaranmayacaq, bəzi mənbələr üzrə vergi elastikliyi artacaq. Gömrük Komitəsinin xətti ilə daxilolmaların çox nəzərdə tutulması davam etdirilib. Gəlirlərin proqnozlaşdırılması prosesində istifadə edilən iqtisadi göstəricilərin tərkib komponentlərində əhəmiyyətli dəyişikliklər baş verməməsi şərti ilə müəyyən edilmiş proqnozların icra olunacağı gözlənilir. Bir sıra dövlət proqramları və tədbirlər üzrə xərclərin icrasının İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına həyata keçirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kifayət qədər təminatlar mövcuddur.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, dövlətin iqtisadi siyasətinin əsas məqsədlərindən biri sosial-iqtisadi potensialın gücləndirilməsi və dayanıqlı inkişafın təmin edilməsidir. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. 2021–2025-ci illərdə bu məqsədlə dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb və bu, sosial rifahın yüksəldilməsi və dövlətçiliyin möhkəmləndirilməsi baxımından prioritet sərmayə istiqaməti olaraq qalır.

Nazir müavini əlavə edib ki, 2022–2025-ci illərdə ÜDM-in orta illik artım tempinin 3,3 faiz olacağı, bu artımın isə tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin ediləcəyi gözlənilir. ÜDM-in orta illik artım tempinin 6,1 faiz təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da sosial-iqtisadi inkişaf strategiyasında müəyyən edilmiş göstəricidən daha yüksəkdir.

Bildirilib ki, cari ilin ilk doqquz ayında əsas kapitala 13 milyard manat investisiya yönəldilib. Qeyri-neft-qaz sektoru üzrə əsas kapitala yatırımlar 7 faiz, özəl qeyri-neft investisiyaları isə 10,8 faiz artıb və bu göstərici qeyri-neft ÜDM-in artım tempini 3,7 faiz üstələyib.

Sonra iclasda çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Vətən müharibəsindəki şanlı Qələbəmizin 5-ci və Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. O vurğulayıb ki, ölkə Prezidentinin yürütdüyü uğurlu daxili və xarici siyasət, habelə onun rəhbərliyi ilə insan hüquqları sahəsində həyata keçirilən ardıcıl islahatlar və qəbul edilən mühüm qərarlar insan hüquqlarına verilən yüksək dəyəri, beynəlxalq öhdəliklərə sadiqliyi nümayiş etdirir.

Ombudsman insan hüquqlarının qorunması sahəsində dövlət qurumlarının fəaliyyətinin, habelə qanunvericiliyin davamlı olaraq təkmilləşdirilməsinin zəruriliyini qeyd edərək, daxil olan müraciətlərin araşdırılması və təhlili prosesində narahatlıq yaradan bəzi məsələlərin gələn ilin dövlət büdcəsində nəzərdə tutulmasına ehtiyac olduğunu söyləyib və bir sıra sahələr üzrə təkliflərini səsləndirib.

Sonra parlamentin komitə sədrləri çıxış edərək, 2026-cı ilin dövlət büdcəsinin parametrlərini yüksək qiymətləndiriblər, bəzi məsələlərlə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bildirib ki ölkədə sabit və proqnozlaşdırıla bilən ictimai-siyasi mühitin mövcudluğu, iqtisadiyyatın dayanıqlı inkişafı, ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunması dövlətin strateji kursunun düzgünlüyünü bir daha təsdiqləyir. Onun sözlərinə görə, eyni zamanda, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu və regionda formalaşan yeni geosiyasi reallıqlar ölkəmizin investisiyaya cəlbediciliyini artırıb. Komitə sədri əlavə edib ki, gələcək illərdə bu müsbət tendensiyanın daha da güclənəcəyi, yeni investisiyaların cəlb olunacağı və iqtisadiyyatın struktur baxımından daha da möhkəmlənəcəyi gözlənilir. Əli Hüseynli, həmçinin növbəti ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına ayrılan vəsaitin 4,7 faiz artırılmasını mühüm addım kimi dəyərləndirib. Onun fikrincə, bu artım həmin qurumların maddi-texniki təminatının yaxşılaşdırılmasına və ədalət mühakiməsinin daha effektiv və şəffaf həyata keçirilməsinə töhfə verəcək.

Sonra regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, regionların inkişafı və sosial rifahın qorunması dövlətin uzunmüddətli strategiyasının əsas prioritetlərindəndir və gələn ilin büdcəsində bu istiqamətdə nəzərdə tutulan xərclərin qorunması və artırılması vətəndaşların həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət edəcək. Komitə sədri çıxışında regionların və yerli özünüidarəetmə orqanlarının maliyyə dayanıqlığının gücləndirilməsinin, yerli resursların səmərəli istifadəsinin vacibliyini diqqətə çatdırıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev çıxışında qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 8 milyard 714,8 milyon manat səviyyəsində müəyyən edilməsi ölkəmizin daxili sabitliyinin, müdafiə qabiliyyətinin və regional təhlükəsizlik siyasətinin möhkəmləndirilməsinə yönəlib. O deyib ki, təhlükəsizlik xərclərinin artırılması sadəcə maliyyə göstəricilərinin böyüməsi deyil, Azərbaycanın qarşısında duran yeni geosiyasi və təhlükəsizlik çağırışlarına adekvat cavabın ifadəsidir. Komitə sədri bildirib ki, müasir dövrdə təhlükəsizlik konsepsiyası çoxşaxəlidir və o, həm informasiya müharibələri və kibertəhlükələrə qarşı mübarizəni, həm də sərhəd mühafizəsini, ictimai asayişin qorunmasını, fövqəladə hallara çevik reaksiya vermək qabiliyyətini əhatə edir.

Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, 2026-cı il büdcəsinin müzakirələri əlamətdar tarixi günlərə təsadüf edir. O, gələn ilin dövlət büdcəsini bütövlüyün, qayıdışın büdcəsi kimi dəyərləndirib, sənəddə hərbi qüdrətin artırılması, iqtisadi inkişafın davamı və əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması tədbirlərini yüksək qiymətləndirib. Vurğulanıb ki, büdcə həm milli təhlükəsizliyin, həm insan hüquqlarının təmininə, də insan kapitalının inkişafına xidmət edən sosialyönümlü sənəddir.

Parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov komitələrin birgə iclasında çıxış edərək bildirib ki, 2026-cı ilin dövlət büdcəsi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləyən, real iqtisadi artımı və sosial rifahı təmin etməyə yönəlmiş sənəddir. Komissiya sədri vurğulayıb ki, qeyri-neft-qaz sektorundan daxilolmaların artımı Azərbaycanın iqtisadiyyatında aparılan islahatların və şaxələndirmə siyasətinin müsbət nəticəsidir. Komissiya sədri gələn ilin büdcəsinin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ərzaq təhlükəsizliyinin təmininə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırdığını qeyd edib, gələn ilin büdcəsinin icrasının Azərbaycanın iqtisadi, sosial və təhlükəsizlik dayaqlarını daha da möhkəmləndirəcəyini vurğulayıb.

Təqdim olunan qanun layihəsinin müzakirəsində çıxış edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, deputatlar Səyyad Aran, Razi Nurullayev, Azər Allahverənov, Səbinə Salmanova, Elman Nəsirov, Kamran Bayramov və Samir Vəliyev növbəti ilin dövlət büdcə layihəsi ilə bağlı fikirlərini açıqlayıblar, bəzi qeydlərini bildiriblər.

Maliyyə naziri Sahil Babayev və iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra gündəlikdəki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Elşən Musayev, İnsan hüquqları komitəsi sədrinin müavini Arzuxan Əli-zadə, Regional məsələlər komitəsi sədrinin müavini Nurlan Həsənov, deputatlar Kamal Cəfərov, Erkin Qədirli, Azay Quliyev, Mübariz Qurbanlı, Qaya Məmmədov, Hikmət Məmmədov, Elman Məmmədov, Rizvan Nəbiyev, Gülşən Paşayeva, Mahir Süleymanlı, Naqif Həmzəyev, Mircəlil Qasımlı, Vüqar Rəhimzadə, Məzahir Əfəndiyev, Xanlar Fətiyev, Vasif Qafarov, Səttar Möhbalıyev, aidiyyəti dövlət qurumlarının təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.

Seçilən
1
8
azerbaijan-news.az

10Mənbələr