AZ

Milli Məclis komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi

Noyabrın 6-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov tədbirdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib.

Sonra iclasda maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsini barədə məlumat verib.

Nazir əsas makroiqtisadi göstəriciləri təqdim edərək bildirib ki, 2026-cı ildə ÜDM real ifadədə 2,9 faiz artaraq 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in 5,0 faiz artaraq 101,7 milyard manat təşkil edəcək. Xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dollar, orta illik inflyasiya 4,8 faiz müəyyən edilib. 2026-cı il üçün dövlət borcunun proqnozunun ÜDM-də nisbəti 21,8 faiz olaraq qiymətləndirilir. Ölkənin strateji valyuta ehtiyatları 1 noyabr tarixinə 81,5 milyard ABŞ dolları həcmindədir. 2026-cı ildə Neft Fondunun gəlir və xərcləri balanslaşdırılıb və Neft Fondundan büdcəyə transfert 1 milyard ABŞ dolları həcmində azaldılıb. Ümumilikdə, dövlət büdcəsinin gəlirlərinin 57 faizi, icmal büdcənin gəlirlərinin 63 faizi qeyri-neft-qaz gəlirləri hesabına təmin edilib. İcmal büdcədə növbəti ildə qeyri-neft-qaz kəsirinin ÜDM-də nisbəti 19 faiz müəyyən edilib. Dövlət büdcəsinin cari xərclərinin 88 faizinin qeyri-neft-qaz gəlirləri hesabına qarşılanacağı planlaşdırılır.

Sonra Sahil Babayev büdcənin xərcləri ilə bağlı məlumat verib. Deyib ki, icmal büdcə xərcləri ÜDM-in 36 faizinə, qeyri-neft-qaz ÜDM-in 48 faizinə bərabər olacaq. Dövlət büdcəsinin 34 faizi investisiyayönümlü xərclərə yönəldilib. Ümumilikdə, icmal büdcənin xərcləri 48,8 milyard manat, dövlət büdcəsinin xərcləri isə 41,7 milyard manat olaraq proqnozlaşdırılır. Dövlət borcuna xidmətlə bağlı xərclər 2,5 milyard manat müəyyən edilib. Büdcənin müxtəlif istiqamətlər üzrə xərcləri barədə qeyd edilib ki, sosialyönlü xərclərə 17,1 milyard manat, təhsil sahəsində xərclər 5 milyard manat, sosial müdafiə və sosial təminat xərcləri 4.9 milyard manat, səhiyyə xərcləri dövlət büdcəsində 2 milyard manat, icmal səhiyyə xərcləri isə 3,7 milyard manat, ölkənin müdafiə və milli təhlükəsizliyi ilə bağlı xərcləri 8,7 milyard manat, iqtisadi fəaliyyət xərclərinə 7,9 milyard manat, kənd təsərrüfatı xərclərinə 1,2 milyard manat, ətraf mühitin və təbiətin mühafizəsi üzrə xərclər 420 milyon manat, beynəlxalq fəaliyyətlə bağlı xərclər 550 milyon manat məbləğində müəyyən edilib.

Büdcə gəlirləri ilə əlaqədar qeyd olunub ki, 2026-cı ildə icmal büdcənin gəlirləri 45,0 milyard manat, dövlət büdcəsinin gəlirləri isə 38,6 milyard manat təşkil edəcək. O cümlədən qeyri-neft-qaz sektoru üzrə gəlirlər 22,2 milyard manat, neft-qaz sektoru üzrə gəlirlər 16,4 milyard manat, Dövlət Vergi Xidmətindən daxilolmalar 16,9 milyard manat, Dövlət Gömrük Komitəsi vasitəsilə daxilolmalar 6,9 milyard manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə gəlirlər 1 milyard 21 milyon manat, sair gəlirlər 531 milyon manat, Dövlət Neft Şirkətinin dividendlərindən isə 450 milyon manat gəlir proqnozlaşdırılır. Qeyd olunub ki, dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat məbləğində qiymətləndirilir.

Nazir habelə bildirib ki, 2026-cı ilin icmal büdcəsində Dövlət Neft Fondunun gəlir və xərcləri 13 milyard manat məbləğində proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikasının gəlir və xərcləri 483 milyon manat məbləğində müəyyən olunub.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib ki, 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3 faiz artması gözlənilir. ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1 faiz olacağı nəzərdə tutulur. Qeyri-neft-qaz sektorunda iqtisadi artımın 2,9 faiz təşkil etməsi nəticəsində ümumi iqtisadi artım 1,3 faiz olub. ÜDM-in növbəti ildə 2,9 faiz, 2026-2029-cu illərdə orta illik hesabla 3,5 faiz, qeyri-neft-qaz ÜDM-inin növbəti və ortamüddətli dövrdə isə orta illik hesabla 5 faiz ətrafında artacağı proqnozlaşdırılır.

Tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini açıqlayıb. O bildirib ki, rəy 2026-cı il üçün dövlət büdcəsinə dair Qanun layihəsinin və layihə ilə birlikdə hazırlanan və təqdim olunan aidiyyəti sənədlərin mövcud qanunvericilik aktlarına uyğunluğu, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, həmçinin bu göstəricilərin makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxış edərək vurğulayıb ki, son 7 ildə ölkədə 5 sosial islahat zərfi icra edilib və bu islahatların illik maliyyə tutumu 7,6 milyard manat təşkil edib. Cari ildə 5-ci sosial islahat zərfi çərçivəsində minimum əməkhaqqı, minimum pensiya, habelə sosial müavinətlərin, Azərbaycan Prezidentinin təqaüdlərinin, tələbə təqaüdlərinin məbləğləri, hərbi qulluqçuların aylıq vəzifə maaşları artırılıb. Ümumilikdə 5-ci sosial islahat paketi 1,9 milyon vətəndaşımızı əhatə etməklə, illik əlavə maliyyə tutumu 885 milyon manat təşkil edib.

Bildirilib ki, növbəti ilin büdcəsində sosialyönlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat çox olmaqla 17 milyard 146 milyon manat təşkil edəcək. Sosialyönlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 41,1 faiz nəzərdə tutulur. 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır. Nazirliyin fəaliyyət istiqamətləri üzrə isə gələn il 4 milyard 537 milyon manatın ayrılması nəzərdə tutulur və bu vəsaitin 98 faizi əhaliyə ödənişlərə sərf ediləcək.

Sonra nazir Dövlət Sosial Müdafiə Fondunun büdcəsi barədə məlumatında bildirib ki, Fondun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat proqnozlaşdırılır. Fondun növbəti il üçün xərcləri isə 8 milyard 483 milyon manat həcmində nəzərdə tutulub və bunun 96,6 faizi və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür. 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9 faiz artımla nəzərdə tutulub.

Daha sonra səhiyyə naziri Teymur Musayev çıxış edib. O vurğulayıb ki, səhiyyə sektoruna ayrılan büdcə vəsaitləri ildən-ilə artır, səhiyyə infrastrukturu yenilənir və müasir çağırışlara uyğunlaşdırılır.

Bildirilib ki, 2026-cı il dövlət büdcəsində səhiyyə bölməsi üzrə xərclər ümumi büdcə xərclərinin 4,9 faizini təşkil edir. O cümlədən 2026-cı il üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 274,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Nazir bildirib ki, 2026-cı ildə beş dövlət proqramı çərçivəsində Səhiyyə Nazirliyinə 91,1 milyon manat vəsait ayrılması planlaşdırılır. Qeyd olunub ki, “2023–2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” üzrə maliyyələşmə əvvəlki illə müqayisədə 6 milyon manat və ya 21,1 faiz artıb.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, uşaqların ən azı 90 faizinin peyvəndlə əhatə olunması hər bir ölkənin əsas səhiyyə göstəricilərindən biri sayılır. 2026-cı ilin sonunda ölkəmizdə bu göstəricinin 95 faizə çatdırılması nəzərdə tutulur.

Sonda Qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə tövsiyə olunub.

XQ

Seçilən
1
4
xalqqazeti.az

8Mənbələr