Noyabrın 7-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Nazir V.Mustafayev qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin və müxtəlif istiqamətlər üzrə tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, Azərbaycanla Slovakiyanın müdafiə sənayesi sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb.
V.Mustafayev son illərdə Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər, istehsal imkanları və innovativ texnologiyaların tətbiqi, həmçinin qabaqcıl təcrübələrin inteqrasiyası ilə bağlı həyata keçirilən işlər haqqında ətraflı məlumat verib.
R.Kalinak öz növbəsində səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Slovakiyanın Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Qonaq müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin hər iki ölkənin strateji maraqlarına və qarşılıqlı inkişaf perspektivlərinə töhfə verəcəyini qeyd edib.
Görüş zamanı tərəflər hərbi-texniki sahədə mövcud əlaqələri geniş müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparıblar.


