Böyük maneələrə, qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edərək, bu prosesi qətiyyətlə həyata keçirdi.
AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) Liderlər Sammitində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, COP29-da Azərbaycan tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmağı və əvvəlki danışıqlarda həll oluna bilməyən məsələlər üzrə tarixi konsensus əldə etməyi bacardı.
S.Qafarova, həmçinin deyib: “COP29 göstərdi ki, hətta geosiyasi gərginlik, etimadsızlıq və iqtisadi qeyri-müəyyənlik dövründə belə, ölkələr yenə də bir araya gəlib ümumi mənafe üçün birgə hərəkət edə bilərlər. Bu, Azərbaycanın davamlı sınaqlarla üzləşməsinə baxmayaraq, bərqərar edə bildiyi çoxtərəfliliyin zəfərinin əsl nümayişi idi”.