AZ

Düsseldorfda “Zəfərin nəğmələri” adlı konsert olub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 1 noyabr, AZƏRTAC

Almaniyanın Düsseldorf şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin 5 illiyi münasibətilə “Zəfərin nəğmələri” adlı konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, azərbaycanlı pianoçu, bəstəkar Səbinə Məmmədovanın rəhbərliyi altında Düsseldorfda fəaliyyət göstərən “Mugam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin və Almaniyada yaşayan həmyerlimiz, müğənni, bəstəkar Seyran İsmayılxanovun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Almaniyanın müxtəlif şəhərlərindən 200-dən çox tamaşaçı iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi yad olunub.

Konsert Səbinə Məmmədovanın pianoda bəstəkar Vaqif Mustafazadənin “Bayatı-Şiraz” əsərini səsləndirməsi ilə başlayıb. Köln Musiqi Akademiyasının vokal müəllimi Seyran İsmayılxanovun alman tələbələri ilə birgə Azərbaycan xalq mahnılarını həm azərbaycanca, həm də almanca ifa etməsi alqışlarla qarşılanıb. Əməkdar artist Sahib Paşazadənin tarda ifa etdiyi əsərlər izləyicilərdə nostalji hisslər oyadıb. Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunan musiqi nümunələri də səsləndirilib.

Konsertdə, həmçinin Düsseldorf Opera Teatrının solisti Mara Hüseynova Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib. Azərbaycanlı müğənni Vüsalə Cabir isə muğam və xalq mahnıları ilə gecəyə xüsusi rəng qatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
4
azertag.az

5Mənbələr