AZ

TDT ölkələri BTQ-nin imkanlarından istifadəni genişləndirmək niyyətindədir

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Nicat Quliyev 30-31 oktyabr tarixlərində Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dəmiryol idarələri rəhbərlərinin 3-cü iclasında iştirak edib.

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) hafta.az-a bildirilib ki, iclasda TDT dövlət başçılarının 2024-cü ildə qəbul etdikləri Şuşa Bəyannaməsi və 2025-ci ildə qəbul edilmiş Qəbələ Bəyannaməsindən irəli gələn məsələlər, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal nəqliyyat daşımalarının inkişafı, dəmir yolu, liman və nəqliyyat-logistika əməliyyatlarının təşviqi və rəqəmsallaşdırılması, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin imkanlarından istifadənin genişləndirilməsi, eləcə də Zəngəzur dəhlizinin potensialı kimi məsələlər müzakirə edilib.

Həmçinin, TDT üzv dövlətləri arasında dəmir yolu ilə yük daşımalarının cari vəziyyəti və yük həcmlərinin artırılması perspektivləri nəzərdən keçirilib. Bu kontekstdə tarif siyasəti, infrastrukturun inkişafı, sərhəd keçid məntəqələrinin buraxıcılıq qabiliyyətinin artırılması və milli dəmir yolu şəbəkələrinin qovşaqlarında əməkdaşlığın gücləndirilməsi kimi əsas istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

İştirakçılar nəqliyyat əməliyyatlarının səmərəliliyinin artırılması və TDT regionu daxilində tranzit marşrutlarının rəqabətqabiliyyətinin təmin olunması üçün əlaqələndirilmiş tədbirlərin görülməsinin və region boyunca dayanıqlı və fasiləsiz nəqliyyat zəncirlərinin yaradılmasının zəruriliyini vurğulayıblar.

İclasda TDT-nin dəmir yolları üzrə işçi qrupunun fəaliyyətinin daha da aktivləşdirilməsi və gücləndirilməsi barədə qərar qəbul edilib. Qeyd olunub ki, qrupun iclaslarının daha müntəzəm keçirilməsi qəbul edilmiş qərar və təşəbbüslərin əlaqələndirilmiş şəkildə icrasını təmin edəcək.

Seçilən
10
11
hafta.az

10Mənbələr