AZ

UNEC-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd edilib

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi qeyd edilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Tədbirin açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov bildirib ki, akademiyanın 80 illiyi təkcə bir yubiley deyil, Vətənə elmlə xidmətin 80 ili deməkdir, eləcə də milli düşüncənin, elmi ənənənin və intellektual gücün təntənəsidir: “Azərbaycan Milli Elmlər Akademiyası elmin milli məbədidir. Bu məbəd yalnız tədqiqatların aparıldığı yer deyil, həm də elmə inamın, düşüncəyə hörmətin rəmzidir”.

Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində AMEA Azərbaycanın intellektual dayağı və beyin mərkəzi kimi formalaşıb və bu uğurlu siyasət sayəsində Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm qoyub: “Prezident İlham Əliyevin rəhbərliyi ilə elmin inkişafı dövlətin prioritet istiqamətlərindən birinə çevrilib. Elmi tədqiqatların rəqəmsallaşdırılması, innovasiyaların dəstəklənməsi, gənc alimlərin inkişaf proqramları elmin müasir çağırışlara uyğunlaşdırılmasına xidmət edir”.

Rektor AMEA ilə UNEC arasındakı elmi əməkdaşlığın nəticələrindən də danışıb: “Son beş ildə “Scopus” və “Web of Science”də UNEC və AMEA alimlərinin birgə müəllifliyi ilə 333 elmi əsər dərc edilib və həmin əsərlərə ümumilikdə 2050 istinad olub”.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə AMEA-nın 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsini ölkə rəhbərinin elmə verdiyi yüksək dəyər olduğunu söyləyib: “Bu Sərəncam Azərbaycan elminə, alimlərinə, ziyalılarına verilən böyük dəyərin, dövlətimizin intellektual qüvvələrə olan hörmət və etimadının təzahürüdür”, - deyə akademik bildirib. İsa Həbibəyli akademiyanın zəngin tarixindən söz açaraq bu elm məbədinin yarandığı gündən respublikanın elmi-intellektual potensialının formalaşdırılmasında, elmi düşüncənin inkişafı istiqamətində müstəsna xidmətlər göstərdiyini bildirib. AMEA rəhbəri vurğulayıb ki, elmi və intellektual dəyərlər cəmiyyətin dayanıqlı inkişafının təməlidir: “Əgər elm və bilik cəmiyyətin inkişafına xidmət etməzsə, bu, yeni nəsillərin potensialının itirilməsi deməkdir. Elmi sahələr sınaqdan, araşdırmalardan, riyazi və məntiqi sübutlardan keçməzsə, əldə edilən nəticələr etibarlı ola bilməz”.

Tədbirdə, həmçinin AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov və Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə çıxış edərək akademiyanın ölkə elminin inkişafına verdiyi mühüm töhfələrdən danışıblar. Alimlər çıxışlarında AMEA-nın Azərbaycanın elmi düşüncə tarixində silinməz izlər qoyduğunu və bu gün də elmin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildiriblər.

 

Seçilən
14
8
azertag.az

9Mənbələr