AZ

5 il öncə BU GÜN – 31 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

Bu gün Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Bizim.Media 31 oktyabr 2020-ci ildə şəhid olan qəhrəmanlarımızı təqdim edir:

Seyfəddin Dadaşov


1999-cu il martın 8-də Beyləqan rayonunda anadan olub. 2005-2016-cı illərdə Beyləqan rayon Mayak kənd tam orta məktəbində təhsil alıb. 2016-2020-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsində ali təhsil alıb. 2020-ci ildə magistratura pilləsinə qəbul olub. Seyfəddin Dadaşov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qoşulub. Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 31-də Suqovuşanda gedən şiddətli döyüşlərdə şəhid olub. Beyləqan rayon Mayak kəndində dəfn edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səyfəddin Dadaşov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Zaur Ələsgərli 


1995-ci il martın 5-də Sumqayıt şəhərində dünyaya göz açıb. 2001-04-cü illərdə Sumqayıt şəhərində 13 nömrəli tam orta məktəbdə, 2004-12-ci illərdə isə Hacı Zeynalabdin qəsəbəsində 19 nömrəli tam orta məktəbdə təhsil alıb. Zaur Ələsgərli 2013-14-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-18-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, 2018-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Zaur Ələsgərli 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayxan və Ayaz adında iki oğlu yadigar qalıb. Zaur Ələsgərli oktyabrın 31-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Zaur Ələsgərli döyüş zamanı göstərdiyi şücaətlərə görə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Nemət Cavadlı


3 iyun 1995-ci ildə İmişli rayonunda anadan olub. 2001-ci ildə N.Nərimanov adına 1 saylı orta məktəbə daxil olub, 2012-ci ildə məktəbi bitirib. 2015-ci ildə gizir kurslarına gedib, kursu bitirdikdən sonra Qusar rayonunda BTR komandiri kimi hərbi fəaliyyətə başlayıb.

2016-cı il hərbi hissənin tərkibində BTR komandiri kimi döyüş bölgəsində xidmət edib. Döyüş bölgəsindən sonra öz hərbi hissəsinə qayıdaraq Hərbi Komissiyanın şeçimi ilə Xüsusi Təyinatlı Qüvvələrdə kurs keçib.

2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi başlayandan döyüş bölgəsində olub. Döyüş yolu Kəlbəcərdən başlayıb, Cəbrayıl, Füzuli istiqamətində bütün ərazilərin işğaldan azad edilməsində iştirak edib. Axırıncı döyüşü Daşaltının alınması uğrunda olub. Şuşanın 3 kilometrliyində oktyabrın 31-i Daşaltı kəndində şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şöhrət Mikayılov


26 fevral 2002-ci ildə Qəbələ rayonunun Zərgərli kəndində İkram Mikayılovun ailəsində anadan olub. 2008-2019-cu illərdə Qəbələ rayon Nic qəsəbə 4 saylı tam orta məktəbdə təhsil alıb. Şöhrət Mikayılov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Şöhrət Mikayılov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak edib. Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Şöhrət Mikayılov 31 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Qəbələ rayonunda dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şöhrət Mikayılov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Ruslan Rəcəbov


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Ruslan Rəcəb oğlu Rəcəbov 1984-cü il avqustun 1-də Sumqayıt şəhərində anadan olub.

2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 31-də Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Ruslan Rəcəbov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.

Sərxan Mustafayev


1994-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 2001-2009-cu illərdə Aslanbəyli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

Sərxan Mustafayev 2012-2013-cü illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Sərxan Mustafayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sərxan Mustafayev oktyabrın 31-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Aslanbəyli kəndində dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Kamran Tağıyev

 
27.09.2001-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. 01.09.2008-ci il tarixində Maştağa qəsəbədsi C.Nurməmmədov adına 108 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 30.05.2017-ci il tarixdə həmin məktəbin 9-cu sinfini bitirib. Kamran ali təhsil almaq fikrində olsa belə ailəsinin vəziyyəti onu bu fikrindən daşındırır. Atası xəstə olduğu üçün işləyib ona dəstək olmaq qərarına gəlir.

Kamran 02.10.2019-cu il tarixdə Vətənə xidmət üçün ordu sıralarına çağırılıb. O, Goranboy rayonunun Ağca kəndində hərbi xidmətdə olub. 27.09.2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı Kamran könüllü olaraq döyüşə yazılır və bir çox kəndlərin alınmasında iştirak edib. 31.10.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Məhəmməd Əliyev


28 may 2001-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində Yaqub Əliyevin ailəsində anadan olub. 2007-2018-ci illərdə orta təhsil alıb. Məhəmməd Əliyev 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsində, "N" saylı hərbi hissədə yerinə yetirib.

Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində atıcı, kəşfiyyatçı və sanitar olaraq iştirak edib. Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Kəşfiyyat əməliyyatlarında iştirak edərək qarşı tərəfdən mühüm məlumatlar əldə edib. Məhəmməd Əliyev 31 oktyabr 2020-ci ildə Şuşa rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məhəmməd Əliyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
8
3
bizim.media

10Mənbələr