Bu gün Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
Bizim.Media 30 oktyabr 2020-ci ildə şəhid olan qəhrəmanlarımızı təqdim edir:
İbrahim İbrahimov

18 fevral 1992-ci ildə Naxçıvan şəhərində doğulub. İlk təhsilinə 1998-ci ildə Naxçıvan şəhəri 15 saylı tam orta məktəbdə başlayan İbrahim 2009-cu ildə orta məktəbi bitirib, həqiqi hərbi xidmətə yollanıb. 2011-ci ildə hərbi xidmətini başa vuran İbrahim 2020-ci ildə yenidən ordu sıralarına qayıdıb. 18 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun MAXE HQ - əsgəri, XTQ-nin kəşfiyyatçısı kimi Qarabağda aparılan hərbi əməliyyatlara qatılıb. İbrahim İbrahimov Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin düşmən işğalından azad olunmasında böyük şücaət göstərib. 30 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2 noyabr 2020-ci ildə Naxçıvan şəhər məzarlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İbrahim Etibar oğlu İbrahimov ölümündən sonra "Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Eşqin Tağıyev
1998-ci il, martın 18-də Göygöl rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. 2004-cü ildə Göygöl rayonunda yerləşən Kəlbəcər 115 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2015-ci ildə orta məktəbi bitirib.
2016-cı ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə hərbi xidmətini başa vurub. 2018-ci ildən etibarən Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərmişdir.
27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında XTQ-nin dəstəsində Xocavənd-Xankəndi istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 30 oktyabr 2020-ci il tarixdə Xocavənd-Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 01 noyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsində dəfn edilib.
Eşqin Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Elnur Mustafayev
9 fevral 2002-ci ildə Bakı şəhərində anadan olub. 30 oktyabrda Qırmızı Bazar istiqamətindəki şiddətli döyüşlərə qatılır. O , 2020 - ci il 27 sentyabr tarixində döyüşlərə qatılıb. gülləsinə tuş gələrək Şəhidlik zirvəsinə ucalır. 31 oktyabr 2020-ci il tarixdə Elnur böyük izdiham ilə Sulutəpədə yerləşən Şəhidlər məzarlığında torpağa tapşırılır.
Elnur Mustafayev Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" və “Cəbrayılın azad olunmasına görə”, Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Fərid Mövsümov

1987-ci il sentyabrın 19-da Göyçay şəhərində anadan olub. Fərid Mövsümov cəbhəyə könüllü olaraq yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Fərid Mövsümov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Fərid Mövsümov oktyabrın 30-da şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərid Mövsümov ölümündən sonra "Vətən uğrunda" ,"Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Masim Qurbanov
7 yanvar 2001-ci ildə Masallı rayonu Ərəb kəndində anadan olub.
2008-2017-ci illərdə Ərəb kənd ümumi orta məktəbində təhsil alıb. 2019-cu ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətən müharibəsinə yollanıb.
Azərbaycan Ordusunun əsgəri Masim Hafiz oğlu Qurbanov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü Qubadlı istiqamətində gedən döyüşlərdə 30 oktyabr tarixində düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb.
Şəhidin nəşi 10 yanvar 2021-ci il tarixdə doğulduğu Masallı rayonunun Ərəb kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid Qurbanov Masim ölümündən sonra Preziden İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda","Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şəhid Masimin atası Hafiz Qurbanov Birinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı olmuş, II qrup Qarabağ müharibəsi əlilidir.
Vüsal Allahverdiyev
16 avqust 1988-ci ildə Azərbaycan Respublikasının Qubadlı rayonunda anadan olub. 31 avqust 1993-cü ildə məcburi köçkün kimi, ailəsi ilə Sumqayıt şəhərində məskünlaşıb.1995-ci ildə Sumqayıt şəhər 23 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub.
2004-cü ildə həmin məktəbin 9-cu sinifini bitirib. Daha sonra məktəbi dəyişərək, Qubadlı rayon 2 saylı tam orta məktəbdə təhsilini davam etdirib. 2006-cı ildə həmin məktəbin məzunu olub.
Kooperasiya universitetinin malliyə və kredit fakultəsinə daxil olub, 4 ildən sonra isə həmin universteti bitirib. 2010-2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.
Vüsal Allahverdiyev 2020-ci ilin iyulun 12-də başlayan Tovuz döyüşləri zamanı General-mayor Polad Həşimov şəhid olduqdan sonra, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Qubadlı rayon şöbəsinə müraciət edib və könüllü olaraq Orduya yazılıb. Sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli rayonunun Seyidəhmədli kəndində, Cəbrayıl və Xocavənd rayonu istiqamətində döyüşlərdə iştrak edib, böyük şücaət göstərib. Ən son oktyabr ayının 30-da Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, lakin döyüş zamanı düşmən gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə ucalıb. Daha sonra nəşi ailəsinə təhvil verilib və Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Atası Tahir Qafar oğlu Allahverdiyev Birinci Qarabağ müharibəsi veteranıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Murad Xəlilli
1994-cü il iyulun 14-də Şərur rayonunun Çomaxtur kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Murad Xəlilli 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Murad Xəlilli oktyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub. Şərur rayonunun Çomaxtur kəndində dəfn olunub.
Onun bir qızı yadigar qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Xəlilli ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Naibə Məmmədova, Bizim.Media