ZƏNGİLAN, 30 oktyabr. TELEQRAF
Media nümayəndələri Prezidenti İlham Əliyev oktyabrın 28-də açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsi ilə tanış olub.
Teleqrafın Qarabağ bürosunun xəbərinə görə, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva jurnalistlərə məlumat verərək bildirib ki, Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir.
Bunlar 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib.
Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb. Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Parkın ərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib.
 
                        