Ukrayna Təhlükəsizlik Xidmətindəki (SBU) mənbələr bildiriblər ki, SBU-nun Xüsusi Əməliyyatlar Mərkəzinin “A” hücum dronları 29 oktyabr gecəsi müvəqqəti işğal olunmuş Krımda “Pantsir-S2” zenit-raket sistemini, iki neft anbarını və iki radar
Stansiyasını vurub. Hesabatda deyilir ki, təxminən 20 milyon dollar dəyərində olan “Pantsir-S2” düşmənin hava hücumundan müdafiə sisteminin əsas komponentidir və hər bir məhv edilmiş və ya sıradan çıxarılan hava hücumundan müdafiə sistemi Rusiyanın Krım istiqamətində müdafiəsini əhəmiyyətli dərəcədə zəiflədir.
Bundan əlavə, mənbələrə görə, dronlar yanacaq saxlanılan Qvardeyskoye kəndindəki neft anbarına zərbə endirib. Obyektdə böyük yanğın baş verib və nəhəng qara tüstü sütunu qalxıb. Həmçinin Komsomolskaya neft anbarına dron zərbəsi də qeydə alınıb: “SBU Krımı əhatə edən hava hücumundan müdafiə sistemlərini və düşməni yanacaqla təmin edən neft anbarlarını sistematik şəkildə məhv etməyə davam edir. Hər bir belə xüsusi əməliyyat Rusiyanın hərbi və logistika potensialını azaldır. “Bavovna” yanmağa davam edəcək”, – deyə SBU-dakı məlumatlı mənbə qeyd edib. İşğal administrasiyasının rəhbəri Sergey Aksyonov 29 oktyabr gecəsi Rusiyanın işğal etdiyi Krımda Rusiya yanacaq anbarına dronların hücum etdiyini və yanğına səbəb olduğunu təsdiqləyib.
O, heç kimin xəsarət almadığını iddia edir.
 Ukraynayönlü “Krımskiy Veter” Telegram kanalı Simferopoldan səhər fotolarını yayımlayıb və şəhərin üzərində nəhəng qara tüstü sütununun qalxdığını göstərir. Kanal qeyd edib ki, dronlardan qorunmaq üçün kamuflyaj torları taxan hərbi yanacaq tankerləri bir gün əvvəl yanan obyektə fəal şəkildə daxil olub-çıxıblar. Krım jurnalistlərinin sözlərinə görə, bu baza Rusiya işğal ordusunun təchizatı üçün fəal şəkildə istifadə olunur. Bundan əlavə, “Krımskiy Veter” qonşu Qvardeyskoyedəki ATAN neft anbarında daha bir yanğın barədə məlumat verib və video paylaşıb. Jurnalistlər yanan obyektin coğrafi yerini müəyyən ediblər.
//Samir Qurbanov, Editor.az
 
                        