AZ

Cəbrayıl şəhərindəki ikinci və üçüncü yaşayış komplekslərində, ümumilikdə, 48 binanın inşası planlaşdırılır VİDEO

Cəbrayıl, 29 oktyabr, R.Türkoğlu, AZƏRTAC

Cəbrayıl şəhərində inşa olunan ikinci və üçüncü yaşayış komplekslərində sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılacaq.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ikinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək. Binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq. Üçüncü yaşayış kompleksinin ümumi sahəsi isə 5 hektardan artıqdır. Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur.

Hər iki kompleks müasir standartlara uyğun şəkildə tikiləcək, zəruri sosial infrastrukturla təchiz ediləcək və Cəbrayıl şəhərinin bərpası istiqamətində atılan növbəti mühüm addım olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoyub.

Seçilən
15
49
azertag.az

10Mənbələr