AZ

Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək  

Sabirabad Sənaye Məhəlləsində fəaliyyətə başlayan “Humix” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsində orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur.

İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) İdarə Heyətinin sədrinin müşaviri Tural Abdullazdə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, investisiya məbləği 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kredit ayrılıb, investisiya təşviqi sənədi verilib.

Onun sözlərinə görə, burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı, ixraca da çıxarılacaq. Hazırda müəssisədə 16 nəfər daimi işlə təmin olunub.

Türkiyə, Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində “Humix” MMC-nin aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci ildə imzaladığı Sərəncamla yaradılıb. Məhəllənin ümumi ərazisi 20,3 hektardır və burada sahibkarlıq subyektlərinin fəaliyyəti üçün bütün infrastruktur qurulub. Hazırda sənaye məhəlləsində 8 rezident fəaliyyət göstərir, ümumilikdə, 100-dən çox iş yeri yaradılıb. Rezidentlər tərəfindən 10 milyon manatdan çox investisiya yatırılıb.

Seçilən
16
7
azerbaijan-news.az

10Mənbələr