AZ

Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq

Cənab İlham Əliyevin Sabirabad, İmişli və Cəbrayıl rayonlarına səfəri yalnız azad edilmiş ərazilərimizin deyil, bütün bölgələrimizin inkişafının ölkə Prezidentinin diqqətində olduğunu bir daha təsdiqlədi

Hər bir ölkənin inkişafında əsas amillərdən biri sabitlik və iqtisadi tərəqqidir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dayanıqlı inkişafın təmin edilməsini şərtləndirir. Təbii ki, bugünkü reallıqların düzgün təhlili ötən dövrə qısa nəzər salmağı bir zərurət kimi qarşıya qoyur. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin əsas çağırışlarından biri “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” hədəfi oldu. Ulu Öndərin  müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşıya qoyulan bütün çağırışları yüksək səviyyədə yerinə yetirməsində stimulverici amil oldu. Azərbaycan neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi”nin imzalanması ilə həm iqtisadi inkişafını, həm də dünya iqtisadi sisteminə inteqrasiyasını təmin etdi. Ölkəmiz qısa müddətdə yeni dostlar, tərəfdaşlar qazandı, böyük investisiyalar məkanına çevrildi. Bu gün ölkə iqtisadiyyatına yatırılan 350 milyard dollar investisiya  həmin dövrdə yaradılan möhkəm təməlin nəticəsidir.  Bu gün həmin bünövrə üzərində Azərbaycan dayanıqlı inkişafını təmin edir, iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirir. Dövlət başçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk  gündən bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Neft kapitalını insan kapitalına çevirmək əsas hədəflərdəndir. Bu gün ölkə iqtisadiyyatına yatırılan 350 milyard dollar vəsaitin  200 milyard dollarının qeyri-neft sektorunun payına düşməsi də özündə əsas məqamları ehtiva edir.

İnkaredilməz həqiqətdir ki, iqtisadiyyatın dinamik inkişafı üçün onun dayanıqlı olması və şaxələndirilməsi zəruridir. Dövlət başçısı İlham Əliyevin sərəncamları əsasında təsdiqlənən və ayrı-ayrı dövrləri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası bugünkü sosial-iqtisadi göstəricilərdə, regionların dayanıqlı inkişafında özünün aydın ifadəsini tapır. Regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramı icra edildi. Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi əsas prioritetlər sırasındadır. Bu gün paytaxt Bakı ilə yanaşı, regionlarımızın tarazlı inkişafı da diqqətdən kənarda qalmır. Hətta bölgələrimiz beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilir. Bir müddət öncə Qəbələ şəhərinin ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının XII Zirvə görüşü də bunun bariz nümunəsidir. Həmçinin Gəncə şəhəri Oyunlarına ev sahibliyi etdi. Regionlarımızda infrastrujturun inkişafına xüsusi diqqət yetirilir. Dövlət başçısı İlham Əliyevin regionlara hər bir səfəri mühüm məqamları ilə yadda qalır. Baxmayaraq ki, son beş ilin əsas hədəfi azad edilmiş ərazilərimizin bərpası, Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində soydaşlarımızın bu ərazilərə qayıdışıdır, dövlət başçısı İlham Əliyev paralel olaraq  digər bölgələrimizi də diqqətdən kənarda saxlamır. Cənab İlham Əliyevin oktyabrın 28-də Sabirabad, İmişli və Cəbrayıl rayonlarına səfəri də bunun bariz nümunəsidir.

Onu da qeyd edək ki, tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar öz növbəsində yeni sənədlərin qəbulunu, bölgələrin inkişafına dair yeni proqramların icrasını bir zərurətə çevirdi. Bu baxımdan Prezident İlham Əliyevin  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i qeyd edə bilərik.  Bu sənədə əsasən, növbəti onillikdə reallaşdırılmalı olan milli prioritetlər ölkənin sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən edib, qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi nəzərdə tutulub. Paytaxt və regionların tarazlı inkişafına yönələn addımlar həmin sənəddə öz əksini tapıb. Milli Prioritetlərdə bu reallıqlar bir daha qeyd edilir ki,  ötən dövrdə regionlarla müqayisədə ölkəmizin paytaxtı daha sürətlə inkişaf etmişdir. Uzunmüddətli dövrdə əsas məqsədimiz regionların inkişafını paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır. Bu çağırışlar səsləndirilir ki, regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcəkdir.

Qeyri-neft sektorunun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafın effektivliyi, dövlət büdcəsinin gəlirlərinin artırılması və bu gəlirlərin müxtəlif mənbələrdən formalaşdırılması baxımdan əhəmiyyətli hesab olunur. Artıq həyata keçirilən iqtisadi siyasət və davamlı islahatların nəticəsi olaraq milli iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı sürətlənib. Hazırda qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün ölkənin regionlarında güclü iqtisadi potensial mövcuddur və bu məsələ diqqət mərkəzindədir. Prezident İlham Əliyev çıxışları zamanı daim qeyri-neft sektorunun inkişaf perspektivləri barədə fikirlər səsləndirir və onun önəmini vurğulayır: “Bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunub. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir.”

Dünya təcrübəsi göstərir ki, sənaye parklarının və aqroparkların yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Aqroparkların yaradılması həm də kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Sənaye məhəllələrində və aqroparklarda fəaliyyət göstərən sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün genişmiqyaslı vergi güzəştləri mövcuddur.

Bu gün bütün regionlarımız, o cümlədən işğaldan azad edilmiş torpaqlarımız yeni inkişaf dövrünü yaşayır. Azərbaycanın iqtisadi imkanları hər bir hədəfə zamanında nail olmağa əsas verir. Hər zaman bu reallıq beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan müharibədən dərhal sonra bərpa-quruculuq işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atdı. Ölkəmizin iqtisadi imkanları sıfırdan başlanan quruculuq işlərinin miqyasını gündən-günə genişləndirməyə əsas verir. Bu günlərdə dövlət başçısı İlham Əliyev Xankəndi şəhərində keçirilən Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində mühüm məqamları  diqqətə çatdırdı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işlərinin  həyata keçirildiyini bildirən cənab İlham Əliyev onu da qeyd etdi ki, regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin Baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb. Bu gün Böyük Qayıdış Proqramı çərçivəsində artıq 60 minə yaxın insan bu ərazilərdə yaşayır, işləyir və təhsil alır.

Tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımların tərkib hissəsi olan işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi və bu sənədə uyğun olaraq Şəhər Günlərinin qeyd edilməsi ayrı-ayrı ərazilər üzrə  görülən işlərin təqdimatında əhəmiyyətli rol oynayır. Dünyaya səs salan tarixi Zəfərimizin 5-ci ildönümünü qeyd edirik. Sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsinin hər bir günü tariximizə Zəfər günü kimi yazıldı. Artıq beş ildir həmin günləri böyük sevinc və qürur hissi ilə qeyd edirik. Dövlət başçısı İlham Əliyevin  oktyabrın 28-də Sabirabad və İmişli rayonları ilə yanaşı, Cəbrayıla  səfəri də ölkə Prezidentinin   Zəfər sevincini xalqımızla bölüşmək istəyinin növbəti təqdimatı oldu.

Cənab İlham Əliyev öncə Sabirabad və İmişli rayonlarında olaraq burada mühüm sosial obyektlərin açılışında və təməlqoyma mərasimində iştirak etdi, görülən işlərlə tanış oldu.   Sabirabad Sənaye Məhəlləsində “Humix” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısına Sabirabad Sənaye Məhəlləsi barədə məlumat verildi.

Qeyd edək ki, ölkədə sənaye məhəllələrinin yaradılması dövlətimizin başçısının “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü ildə imzaladığı Fərmanla müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Sabirabad Sənaye Məhəlləsi dövlətimizin başçısının 2017-ci ildə imzaladığı Sərəncamla yaradıldı. Məhəllənin ümumi ərazisi 20,3 hektardır. Məhəllə sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi üçün zəruri infrastrukturla təmin olunub. İndiyədək burada 8 rezident qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Ümumilikdə sənaye məhəlləsində 100-dən çox iş yeri yaradılıb. Rezidentlər tərəfindən sənaye məhəlləsinə 10 milyon manatdan çox investisiya qoyulub. “Humix” MMC ilə tanışlıq zamanı bildirildi ki, müəssisəyə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Müəssisədə orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur. Türkiyə, Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı, ixrac da ediləcək. Müəssisədə 16 nəfər daimi işlə təmin olunub. İnvestisiya məbləği 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kredit ayrılıb, investisiya təşviqi sənədi verilib.

Prezident İlham Əliyev, həmçinin Sabirabad Sənaye Məhəlləsində “Azera Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış oldu. “Azera Toxumçuluq” MMC 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Burada Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə standart və hibrid toxum istehsalı müəssisəsi qurulub. Hazırda burada bir sıra toxumluq kənd təsərrüfatı məhsulları istehsal olunur. Müəssisə ildə 500 ton yonca, 800 ton hibrid qarğıdalı, 350 ton hibrid günəbaxan, 2 min ton arpa, 2 min ton buğda toxumu istehsalı gücünə malikdir. Müəssisədə Sabirabad Pilot Aqroparkda yetişdirilən, həmçinin regionun kiçik, orta və iri fermer təsərrüfatlarından əldə olunan toxumlar xammal kimi istifadə edilir. Layihə dəyəri 2,5 milyon manat olan müəssisədə daimi iş yerlərinin sayı 20-yə çatdırılacaq. İşçilərin Sabirabad və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.

Cənab İlham Əliyev  Sabirabad Sənaye Məhəlləsində “Taşobası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) pambıq emalı zavodunun və “Fırtına Su Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə də  tanış oldu. 2023-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınan “Taşobası” MMC-nin pambıq emalı zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarının tətbiqi ilə mahlıc və texniki çiyid istehsal olunur. Zavodun layihə dəyəri 3,3 milyon manatdır. Müəssisə ildə 8 min ton mahlıc, 10 min ton texniki çiyid istehsalı gücünə malikdir. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə və ixraca yönəldilir. İndiyədək istehsal edilən məhsulun dəyəri 2,6 milyon manat olan hissəsi satılıb ki, bunun da 2,2 milyon manatı ixracın payına düşür. Zavodda xammal kimi Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarında yetişdirilən pambıqdan istifadə olunur. Bu isə öz növbəsində pambıq sahələrində 300 nəfərin mövsümi işlə təmin olunmasına şərait yaradır. Ümumilikdə zavodda 80 nəfərlik iş yeri yaradılıb. “Fırtına Su Sistemləri” MMC 2024-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb .Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Müəssisədə ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Burada istehsal edilən cihaz və ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac edilir. Müəssisədə 50 iş yeri yaradılıb. Yaxın gələcəkdə iş yerlərinin sayının artırılması nəzərdə tutulur.

Dövlətimizin başçısı  İlham Əliyev oktyabrın 28-də İmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin açılışında da iştirak etdi. Müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul - malt istehsal olunacaq. İsveçrənin “Bühler GmbH” şirkətinin müasir texnologiyası əsasında hazırlanmış avadanlıqla təchiz olunan və emal prosesi tam avtomatlaşdırılan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək. Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır. İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, “Azərşəkər” MMC və “Azərsun Holdinq” MMC-nin tərəfdaşlığı əsasında həyata keçirilən layihəyə dövlətin investisiya təşviqi mexanizmi çərçivəsində vergi və gömrük güzəştləri ilə dəstək göstərilib. “Carlsberg Azerbaijan” pivə zavoduna da xammal satışı həyata keçirən müəssisə Cənubi Qafqazda pivəlik arpa səmənisinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Layihə regionda aqrar-sənaye inteqrasiyasını gücləndirməklə yanaşı, texnoloji modernləşmə, daxili bazarın dayanıqlı xammal təminatı, istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada 47 nəfər işlə təmin olunacaq.

Qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunda da oldu. Otuz illik işğal dövrünün bu reallığını hər zaman  qeyd etməliyik ki, şəhər və kəndlər tamamilə viran edildi, tarixi-mədəni irsimiz dağıdıldı, torpaqlar geniş miqyasda mina çirklənməsinə məruz qaldı, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində həmin ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma və dirçəliş dövrünün əsasını qoydu. Bərpa-quruculuq işləri soydaşlarımızın mərhələ-mərhələ bu torpaqlara qayıdışı ilə müşaiyət olunur. Hər bir şəhər, kənd müasir tələblər səviyyəsində  yenidən qurulur.

Dövlət başçısı İlham Əliyevin birinci mərhələsinin açılışında iştirak etdiyi Cəbrayıl rayonunun Horovlu kəndinin timsalında şəhər və kəndlərimizin bərpasının yenilikləri necə özündə əks etdirdiyini görmək mümkündür. Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib. Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoydu. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış oldular. Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt döşənib. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirildi. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq.  Burada inşa olunmuş körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada yeməkxana, oyun və musiqi otaqları balacaların ixtiyarına veriləcək. Bundan başqa, binada inzibati, kompüter və metodika otaqları yaradılıb. Bağçanın ərazisində uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün də şərait yaradılıb. Horovluda müasir tam orta məktəb binası da tikilib. Məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 26 sinif otağı, kimya, fizika, biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4 laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada 180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb. Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Burada uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbol meydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılıb. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib. Torpaq işləri zamanı aşkarlanmış təbii qayalar parka daşınaraq landşaft dizaynının bir hissəsi kimi istifadə olunub. Ərazidə “Əsgər” kəhrizinin su anbarı əsaslı təmir edilib, dekorativ landşaft yaradılıb. Həmçinin parkın ərazisində işğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması, həmin dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçün əyani sübut kimi saxlanılıb.

Bundan başqa, kənddə ikimərtəbəli inzibati bina inşa edilib. Binada operativ idarəetmənin və qərarların səmərəli qəbulunun təmin edilməsi məqsədilə müasir situasiya mərkəzi yaradılıb. Mərkəzdə kəndin idarəetməsində Coğrafi İnformasiya Sisteminin (CİS) tətbiqi də nəzərdə tutulur. Kəndin Baş planının CİS platformasına inteqrasiya edilməsi yaşayış məntəqəsinin səmərəli planlaşdırılmasına və idarə edilməsinə imkan verəcək. Bütün torpaq sahələri, tikililər, yollar, su, enerji, qaz, rabitə xətləri bu platformada koordinatlarla yerləşdirilib. Platforma dizayn və tikinti proseslərini izləməyə, dəyişiklikləri xəritəyə tətbiq etməyə, müxtəlif situasiyalara uyğun qərar qəbul etməyə, üçölçülü (3D) bina modelləri, real vaxtda kamera məlumatlarına çıxış imkanları olduğundan mövcud vəziyyəti həm xəritədə, həm də sistem üzərində birbaşa müşahidə etməyə imkan yaradır. Dövlət və özəl qurumlarla inteqrasiya, məlumat mübadiləsi, hesabatlılıq və vizual təqdimatlar baxımından platformanın istifadəsi müasir idarəetmədə innovativ həll hesab olunur.

Cəbrayıl rayonunun Horovlu kəndində yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısı İlham Əliyev  kəndə köçən sakinlərlə görüşdü, onlara mənzillərin açarlarını təqdim etdi. Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə  bildirdi ki, düz beş il bundan əvvəl bu ərazi işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq. Bir neçə gündən sonra tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. 8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb. O da qeyd edildi ki, bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır.  Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, öz vətəninə, doğma torpağına qayıdıblar. Qalanlar isə müxtəlif işlərdə işləyən vətəndaşlardır. “Bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir” söyləyən cənab İlham Əliyev vildirdi ki, ədalətə inanmaq və onu təmin etmək lazımdır. Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq.

Səfər çərçivəsində Prezident İlham Əliyev  Cəbrayıl şəhər məscidinin təməlini qoydu. Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid, 40-dan çox ziyarətgah, 20-dən artıq tarixi-memarlıq abidəsi olub. İşğal dövründə digər ərazilərimizdə olduğu kimi, bu rayondakı tarixi-dini abidələrimiz ermənilər tərəfindən məhv edilib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası, yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülüb. Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscidi qeyd etmək olar.

Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməli də  qoyuldu. Hər iki kompleks müasir standartlara uyğun şəkildə tikiləcək, zəruri sosial infrastrukturla təchiz ediləcək və Cəbrayıl şəhərinin bərpası istiqamətində atılan növbəti mühüm addım olacaq. Dövlətimizin başçısı Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak etdi. Bildirildi ki, IV texniki dərəcəyə uyğun inşa edilən yolun ümumi uzunluğu 11,5 kilometrdir. İki hərəkət zolağından ibarət yolun eni 6 metrdir. Bu yolun inşası ötən ilin dekabrında Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən həyata keçirilib. Yeni yolun istifadəyə verilməsi bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinə öz töhfəsini verəcək.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji" zonası elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Dövlət başçısı İlham Əliyev  Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu. Bu layihə ölkəmizin yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını qoyur. Qeyd edək ki, 2024-cü ilin mart ayında Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında 100 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin istehsalı, satışı və istehlakı sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Ardınca bu ilin aprelində Azərbaycan Respublikası Hökuməti “Enerso Cəbrayıl” MMC ilə 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası, “Clean Energy Jabrayil” MMC ilə isə “Şəms” Günəş Elektrik Stansiyası layihələri üzrə investisiya müqavilələri bağlayıb. Ötən il Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin inkişafı üçün ayrılıb. Bu çərçivədə “Clean Energy Jabrayil” MMC üçün 135 hektardan çox, “Enerso Cəbrayıl” MMC üçün isə 93 hektardan çox ərazi müəyyən edilib.

Prezident İlham Əliyev “Şəms” Günəş Elektrik Stansiyasının təməlini qoydu, daha sonra “Üfüq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etdi. “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarında ildə ümumilikdə 206 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Bunun nəticəsində hər il təxminən 44 milyon kubmetr təbii qaza qənaət ediləcəyi, atmosferə atılan zərərli emissiyaların isə 96 min ton azalacağı gözlənilir. Stansiyalarda istehsal ediləcək elektrik enerjisinin 75 milyon kilovat-saatı “AzərEnerji” ASC-yə, 131 milyon kilovat-saatı isə “elektrik enerjisinin virtual ötürülməsi” prinsipi əsasında iri istehlakçılarla birbaşa bağlanan alqı-satqı müqavilələri üzrə satılacaq. “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Bu layihələrin icrası Şərqi Zəngəzurun yaşıl enerji mərkəzinə çevrilməsində Cəbrayıl rayonunun rolunu daha da gücləndirəcək.

Bir səfər çərçivəsində görülən işlərə diqqət yetirdikdə Azərbaycanın iqtisadi və maliyyə imkanlarının aydın mənzərəsini görürük. Bunlar dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin, təkmil islahatların nəticəsidir. Dövlətimizin başçısı İlham Əliyevin çağırışına uyğun olaraq ölkəmiz  heç vaxt əldə olunanlarla kifayətlənmir, daim irəli baxır. Əsas hədəf azad edilmiş ərazilərimizin bərpasını başa çatdırmaq, soydaşlarımızı doğma yurd-yuvalarında daha xoşbəxt, sevincli görməkdir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daim qeyd etdiyi kimi, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar.

Yeganə Əliyeva, “İki sahil”

Seçilən
39
3
ikisahil.az

10Mənbələr