AZ

İtkin şəhidlər dəfn olunub

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi – Lətif Qəribalı oğlu Şahhüseynov oktyabrın 28-də Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə  və Daxili İşlər nazirliklərinin əməkdaşları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

Şəhidin bacısı Mələk Şahhüseynova bildirib ki, qardaşı Vətənin dar günündə Sumqayıt Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Əvvəlcə Yevlaxa, oradan da döyüş bölgəsinə yollanıb. Xocavənd istiqamətində isə itkin düşüb: “Bu gün biz öz həsrətimizi sonlandırdıq. Biz qardaşımla, bütün şəhidlərimizlə fəxr edirik. Ümid edirik ki, tezliklə bütün itkin ailələri öz şəhidlərinə qovuşar, gözləri yollardan çəkilər”.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi L.Şahhüseynov 1969-cu il martın 12-də Sumqayıt şəhərində anadan olub. O, 1992-ci il iyunun 28-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlərdə itkin düşüb. 

* * *

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi Mübariz Ağahüseyn oğlu Şahmurov oktyabrın 28-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə və Daxili İşlər nazirliklərinin əməkdaşları, Nərimanov, Nizami, Suraxanı Rayon İcra hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarı üstünə əklil qoyulub, gül dəstələri düzülüb. 

M.Şahmurovun döyüş yoldaşı Nazim Hüseynov bildirib: “Mən həmin gecə Xocalı aeroportu istiqamətində olan postda idim. Mübarizlə bərabər 21 nəfərlə Xocalının ən ağır günlərində şəhəri qorumağa çalışdıq. Onlar hər biri döyüşərək qəhrəmancasına şəhid oldu”.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi M.Şahmurov 1963-cü il iyunun 12-də Sabirabad rayonunun Navdan kəndində anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı rayonu istiqamətində gedən döyüşlərdə itkin düşüb. M.Şahmurov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan üç şəhiddən biridir.

* * *

Oktyabrın 28-də Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla Quliyevin dəfn mərasimi keçirilib.

Abşeron rayonunun Saray qəsəbəsindəki qəbiristanlıqda təşkil olunan mərasimdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarı üstünə tər güllər düzülüb, əklil qoyulub.

Qeyd edək ki, şəhid A.Quliyev 1968-ci il oktyabrın 26-da Göyçay rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib və 1992-ci il mayın 8-də Şuşa şəhərində itkin düşdüyü güman olunurdu. A. Quliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan üç şəhiddən biridir.

XQ

 

Seçilən
6
11
xalqqazeti.az

10Mənbələr