Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda deyilir.
Sizin həyata keçirdiyiniz uzaqgörən və qətiyyətli siyasət nəticəsində bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir, böyük uğurlara imza atır, beynəlxalq məsələlərdə söz sahibi olan güclü və qüdrətli dövlət kimi tanınır. Qlobal aləmdə və regionda cərəyan edən proseslərdə fəal və prinsipial mövqeyi, sülhün, sabitliyin bərqərar olması üçün səyləri Türkiyəyə dünyada böyük nüfuz və etimad qazandırmışdır. Biz qardaş ölkənin hər bir uğuruna sevinir və bundan fərəhlənirik.
Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və "Bir millət, iki dövlət" prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrimizin gündən-günə daha da dərinləşməsi və yeni məzmun kəsb etməsi qəti siyasi iradəmizin və ardıcıl birgə səylərimizin parlaq ifadəsidir.
Bu gün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və müttəfiqliyi eyni zamanda regionda sülhə, təhlükəsizliyə, rifaha və əməkdaşlığa xidmət edən mühüm amildir.