Rusiya prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla ölkəsinə qarşı sanksiyalar məsələsinin yumşaldılmasını müzakirə etmək niyyətində olmadığını iddia edib.
NOCOMMENT.az xəbər verir ki, Dmitriyev bunu CNN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu həftə ölkəsinə qarşı elan olunmuş sansiyalar Rusiya üçün “elə də böyük problem deyil”.
Dmitriyev bununla Putinin Rusiya Federasiyasının “heç vaxt təzyiq altında hərəkət etmədiyi” və sanksiyaların guya “yalnız qlobal neft qiymətlərini artıracağı” bəyanatına istinad edib.
Putinin adamının fikrincə, bunun nəticəsində Rusiya “bəlkə də daha az nefti daha yüksək qiymətə satacaq”. Halbuki söhbət Rusiyanın qlobal bazara buraxılmamasından gedir.
“Düşünürəm ki, real sual dialoqun necə davam etdiriləcəyi, qeyri-real həll yollarını deyil, əsl real çözümə malik olmaqla böhranın dinc yolla həllinə necə nail olmaqdır”, o, əlavə edib.
KİV-in məlumatına görə, Dmitriyevlə Uitkoff arasında görüş bu gün Floridada baş tutacaq.
Qeyd edək ki, Dmitriyev məhz ABŞ-nin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Vaşinqtona yola düşüb.
Xatirə SADİQ