Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili barəsində bir milyon lari məbləğində (367,6 min ABŞ dolları) girov qətimkan tədbiri seçilib.
APA xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.
Qərarla girovun ödənilməsi üçün 30 günlük müddət müəyyən olunub.
Gürcüstanın Baş Prokurorluğunun vəsatəti əsasında Qaribaşvilinin pasportu da müsadirə edilib və onun istintaq bitənə qədər ölkədən çıxışına qadağa qoyulub. Qaribaşvili məhkəmə prosesində iştirak edib. Vəkili Amiran Qiquaşvili müdafiə etdiyi şəxsin ittihamla razı olduğunu bildirib.
Qeyd edək ki, bu gün Gürcüstanın Baş Prokurorluğu Qaribaşviliyə qarşı ittiham irəli sürüb. O, xüsusilə külli miqdarda gəlirin leqallaşdırılmasında ittiham olunur. Bu cinayət əməli 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.