AZ

Qaribaşvili barəsində girov qətimkan tədbiri seçilib, Gürcüstandan çıxışı qadağan edilib - YENİLƏNİB

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili barəsində bir milyon lari məbləğində (367,6 min ABŞ dolları) girov qətimkan tədbiri seçilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.

Qərarla girovun ödənilməsi üçün 30 günlük müddət müəyyən olunub.

Gürcüstanın Baş Prokurorluğunun vəsatəti əsasında Qaribaşvilinin pasportu da müsadirə edilib və onun istintaq bitənə qədər ölkədən çıxışına qadağa qoyulub. Qaribaşvili məhkəmə prosesində iştirak edib. Vəkili Amiran Qiquaşvili müdafiə etdiyi şəxsin ittihamla razı olduğunu bildirib.

Qeyd edək ki, bu gün Gürcüstanın Baş Prokurorluğu Qaribaşviliyə qarşı ittiham irəli sürüb. O, xüsusilə külli miqdarda gəlirin leqallaşdırılmasında ittiham olunur. Bu cinayət əməli 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

***

11:05

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Qaribaşvili xüsusilə külli miqdarda gəlirin leqallaşdırılmasında ittiham olunur.

Gürcüstanın Baş Prokurorluğu Qaribaşviliyə qarşı bir milyon lari məbləğində girov qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, Qaribaşvili oktyabrın 22-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib. O, illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib. Bu yaxınlarda onun və digər keçmiş yüksək vəzifəli şəxslərin evlərində aparılmış axtarışlar zamanı 7 milyon dollardan çox pul, bahalı zinət əşyaları və qol saatları, rəsm əsərləri, bir neçə min səhifəlik sənədlər, 50 ədəd mobil telefon və 119 ədəd elektron avadanlıq müsadirə olunub.

Xatırladaq ki, İ.Qaribaşvili Gürcüstanın Baş naziri vəzifəsini 2013-2015 və 2021-2024-cü illərdə tutub. O, 2024-cü ilin fevralın 1-də hakim “Gürcü Arzusu” partiyasının sədri seçilib, bu ilin aprelin 25-də vəzifəsini tərk edərək siyasətdən getdiyini bildirib.

Seçilən
70
1
apa.az

3Mənbələr