Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində baş tutan "Atletik Bilbao" – "Qarabağ" qarşılaşmasının 72-ci dəqiqəsində baş hakim İqor Payaçın penalti qərarı verməməsi idman mütəxəssisləri arasında geniş müzakirələrə səbəb olub. Bəs, doğrudan, "Qarabağ"ın qələbə qazana bilməməsinə səbəb bu oldu? Futbol eksperti Emin Abbasov Metbuat.az-a açıqlamasında bildirib ki, "Bilbao" səfəri istənilən rəqib üçün çətin sayılır. Bunun üzərinə "Atletik"in Çempionlar Liqasının ilk iki oyunundakı məğlubiyyətini gələndə, "Qarabağ"ı ağır oyunun gözlədiyini bilirdik:"Təəssüf ki, təmsilçimiz rəqibin dalğa-dalğa gələn həmlələri qarşısında tab gətirə bilmədi. "Atletik" ilk növbədə "Qarabağ"ı topsuz qaçmağa məcbur elədi ki, bu da xüsusi çətinliklər yaratdı Qurban Qurbanovun komandasına. Ernesto Valverde "Qarabağ"ı özünə yad bir tərzdə oynamaq reallığı ilə üz-üzə qoydu. Düzdür, bizimkilər də zaman-zaman təhlükəli əks-hücumlarla yadda qaldı".Ekspert bildirib ki, ikinci hissədə "Atletik"in qapısına penalti verilə bilərdi, Kaşukun zərbəsini boş qapıdan çıxardılar:"Lakin ümumi dəyərləndirməli olsaq, rəqib daha üstün oynadı, layiqli qələbə qazandı. Məğlubiyyətə ən böyük səbəb "Qarabağ"ın bu yerlərə gəlməsidir. Çünki bütün rəqiblər həm büdcəsinə, həm də futbolçularının ustalıq səviyyəsinə görə "Qarabağ"dan üstündür. Lakin buna rəğmən Ağdam təmsilçisi bu səviyyədə layiqli mübarizə aparır. Futbolda qələbə qazanmaq kimi, məğlub olmaq da var. Bu dəfə məğlub olduq".Sevinc İbrahimzadə / Metbuat.az