Rusiyanın “Şahed” pilotsuz uçuş aparatları ilə gecədən etibarən Ukraynanın paytaxtı Kiyevə hücum etdiyi bildirilir. Şəhərin müxtəlif rayonlarında hava hücumunun nəticələri qeydə alınıb. Dneprovski rayonunda bir nəfərin həlak olduğu, bir neçə binada yanğın baş verdiyi açıqlanıb. Eyni zamanda, Rusiya qüvvələri Zaporojyeni də atəşə tutub.
Musavat.com xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, Dneprovski rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
“Kiyevin Dneprovski rayonundakı çoxmərtəbəli binada baş verən yanğın artıq lokallaşdırılıb. Bütün xidmətlər hadisə yerində işləyir. 10 nəfər xilas edilib. İlkin məlumata görə, bir nəfərin meyiti aşkarlanıb”, - deyə Kiyev meri Vitali Kliçko bildirib.
Kliçkonun sözlərinə görə, Qoloseyevski rayonunda da partlayışdan sonra yanğın baş verib, Peçersk rayonunda isə raket qalıqları yaşayış binasının həyətinə düşüb və avtomobillər alışıb.
“Darnitski rayonunda iki ünvanda hücumun nəticələri qeydə alınıb – biri çoxmərtəbəli yaşayış binasında, digəri isə qeyri-yaşayış binasında yanğındır”, – deyə Tkaçenko əlavə edib.
Kiyevlə yanaşı, Rusiya ordusu Zaporojyeni də hədəfə alıb. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə görə, gecə şəhərə endirilən zərbələr nəticəsində 5 nəfər yaralanıb.
“Hamısı qadındır. Ən gənci 21, ən yaşlısı 62 yaşındadır. Yaralıların əksəriyyəti qəlpə xəsarətləri və dəm qazından zəhərlənmə alıblar”, – deyə o bildirib.
Daha sonra Fedorov şəhərdə yaralıların sayının 13-ə çatdığını açıqlayıb.
Britaniya kəşfiyyatının məlumatına görə, sentyabr ayında Rusiya Ukraynaya dörd kütləvi hava hücumu təşkil edib. Ən güclü zərbə 7 sentyabrda endirilib – həmin gün Rusiya 800-dən çox hava hücum vasitəsi tətbiq edib.
Kəşfiyyatın qiymətləndirməsinə görə, Moskva eyni vaxtda raket və dronlardan istifadə etməklə Ukraynanın hava hücumundan müdafiə sistemini yükləməyə çalışır.
Musavat.com