2025-ci ilin altı ayında PAŞA Bankın kredit portfeli 3 milyard 440,7 milyon manat təşkil edib. Bunu PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev deyib.
"Bankın kreditlərinin 43,1 faizi ticarət və xidmətlər, 13,7 faizi fiziki şəxslər, 12,3 faizi nəqliyyat və telekommunikasiya, 9,7 faizi enerji, 8,1 faizi isə istehsal sahəsinə yönəldilib. Digər sahələrin, o cümlədən tikinti, kənd təsərrüfatı və BOKT-ların payı ümumilikdə 13 faiz civarındadır",o bildirib.
Nağıyev əlavə edib ki, müştərilərə verilmiş kreditlərin bankın ümumi aktivlərindəki payı 37,1 faiz olub ki, bu da 2024-cü ilin sonundakı 40,8 faizlə müqayisədə azalma deməkdir. Valyuta bölgüsünə görə, kreditlərin 2 milyard 195,8 milyon manatı manatla, 1 milyard 244,9 milyon manatı isə xarici valyutada verilib. Xarici valyutada verilən kreditlərin payı 4,2 faiz azalıb.
"Fond vasitəsilə verilən kreditlərin ümumi həcmi 407,4 milyon manat olub. Bunun 237,8 milyon manatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vasitəsilə, 161,6 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ayrılıb.Kredit portfelinin keyfiyyət göstəricilərinə görə, kreditlərin 53,5 faizi 1-ci mərhələdə (yüksək keyfiyyətli), 12,8 faizi 2-ci mərhələdə, 4,5 faizi isə 3-cü mərhələdə (riskli kateqoriyada) qərarlaşıb",- o əlavə edib.
Aytac