Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsində səhhətinin pisləşdiyi, bu səbəbdən onun üçün həkim briqadası çağırılmasına dair xəbərlər yayılıb.
TƏBİB-dən Teleqraf-a Ramiz Mehdiyevlə bağlı Təcili Tibbi Yardıma hər hansı çağırışın daxil olmadığı bildirilib.
Qeyd edək ki, oktyabrın 14-də Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. 87 yaşlı akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunur.
xxx
Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevlə bağlı yeni xəbər var.
Mehdiyevə yaxın çevrədən Modern.az-a daxil olan məlumata görə, media və sosial şəbəkələrin gündəmi olan akademikin halı dünən axşam saatlarında pisləşib. Hətta onun üstünə həkim çağırıblar. Həkim müayinəsi zamanı Mehdiyevin gərginlik və stress səbəbindən əsəb sisteminin pozulduğu, qan təzyiqinin həddindən artıq yüksəldiyi bildirilir.
Verilən məlumata görə, 87 yaşlı R.Mehdiyevi qəzəbləndirən əsas məsələlərdən biri vaxtilə vəzifəyə irəli çəkdiyi, deputat mandatı verdiyi, mövqe bəxş etdiyi bəzi insanların indi onun əleyhinə mətbuatda danışmasıdır. Bu halın akademikin mənəvi durumuna ciddi təsir göstərdiyi xüsusi vurğulanır.
Ramiz Mehdiyev vaxtilə yetişdirdiyi şəxslərin belə tezliklə onu inkar edəcəyini gözləmirmiş.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsində Ramiz Mehdiyevə cinayət işi başladılıb.
O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib. O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir.
R.Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. O, həm də hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında təmsil olunur.