Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevlə bağlı yeni xəbər var.
Mehdiyevə yaxın çevrədən modern.az-a daxil olan məlumata görə, media və sosial şəbəkələrin gündəmi olan akademikin halı dünən axşam saatlarında pisləşib. Hətta onun üstünə həkim çağırıblar. Həkim müayinəsi zamanı Mehdiyevin gərginlik və stress səbəbindən əsəb sisteminin pozulduğu, qan təzyiqinin həddindən artıq yüksəldiyi bildirilir.
Ramiz Mehdiyev vaxtilə yetişdirdiyi şəxslərin belə tezliklə onu inkar edəcəyini gözləmirmiş.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsində Ramiz Mehdiyevə cinayət işi başladılıb.
O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib. O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir.
R.Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. O, həm də hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında təmsil olunur.
***
Haqqın.az bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib.
Qurumdan “Ramiz Mehdiyevin səhhətinin pisləşməsi ilə bağlı dövlət tibb müəssisələrinə heç bir şikayət daxil olmayıb” deyə cavab verilib.