Energetika naziri Pərviz Şahbazovun və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin birgə sədrliyi ilə “Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində elektroenergetika sisteminin inkişafına həsr olunmuş iclas keçirilib.
Newscenter.az xəbər verir ki, Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA), “Azərenerji” ASC, “Azərişıq” ASC, Naxçıvan Enerji MMC, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi, eləcə də “Nobel Energy” şirkətinin nümayəndələrinin iştirakı ilə baş tutan iclasda Naxçıvanın elektroenergetika sahəsində mövcud vəziyyət və planlaşdırılan layihələr müzakirə olunub. Bu çərçivədə il ərzində elektrik stansiyaları, yarımstansiyalar, elektrik verilişi xətləri, habelə “Azərbaycan (Naxçıvan)-Türkiyə-Avropa Enerji Qovşağı” üzrə həyata keçirilən tədbirlər nəzərdən keçirilib.
Görüşdə ötən il elektrik enerjisi istehsalının 48 faizini təşkil edən bərpa olunan enerji mənbələri sahəsində layihələr, o cümlədən 50 MVt gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında “Yaşıl Enerji Zonası” Konsepsiyasının ilkin təqdimatı olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Naxçıvanın “Yaşıl Enerji Zonası” elan edildiyi bir daha vurğulanıb. Bildirilib ki, Konsepsiya regionun bərpa olunan enerji potensialından maksimum istifadə etməklə enerji müstəqilliyinin və dayanıqlı inkişafın təmin olunmasını, müasir şəbəkə infrastrukturunun yaradılmasını, enerji ixrac imkanlarının genişləndirilməsini və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir. Azərbaycanın “yaşıl enerji” siyasətinə, qlobal trendlərə və Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramına müvafiq olaraq hazırlanmış Konsepsiyanın əsas istiqamətləri, hədəfləri və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verilib.
Həmçinin Naxçıvan Muxtar Respublikasından enerji ixracının konseptual istiqamətlərinə dair təqdimat edilib. Müzakirələr zamanı Naxçıvandan elektrik enerjisinin müxtəlif marşrutlar üzrə ixracının bölgəni strateji enerji qovşağına çevirmə potensialı vurğulanıb. İclasın yekununda bu iqtisadi rayonun enerji sisteminin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib.
Süleyman