AZ

Xankəndində Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib - FOTO

Oktyabrın 10-da Xankəndi şəhərində növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası təşkil olunub. Tədbirdə bir çox kənd təsərrüfatı şirkətləri və fermerlər iştirak ediblər.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, festivalda çıxış edən Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı təkcə fiziki yerləşmə ilə məhdudlaşmır. Köç prosesinin uğuru yalnız infrastruktur layihələrinin icrası ilə ölçülməməlidir. Əsas məqsəd insanların bu torpaqlarda dayanıqlı, təhlükəsiz və sosial baxımdan inteqrasiya olunmuş həyat qurmasıdır. Dayanıqlı məskunlaşmanın əsasında əhalinin məşğulluğunun təmin edilməsi dayanır.

S.Qəhrəmanov onu da qeyd edib ki, keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsində kənd təsərrüfatı sahəsi xüsusi əhəmiyyət daşıyır. Əkin üçün istifadəyə verilməsi nəzərdə tutulan kənd təsərrüfatı təyinatlı torpaqların sərhədlərinin dəqiqləşdirilməsi və keçmiş məcburi köçkünlərə verilməsi, həmçinin həyətyanı ərazilərin bölgüsünün müəyyən edilməsi istiqamətində aparılan işlər əhalinin məşğulluğunun təmin edilməsi ilə yanaşı, sosial adaptasiya prosesinə də öz töhfəsini verəcək. Bu baxımdan Xocalı rayonunun Ballıca və Xanyurdu kəndləri üzrə torpaqların sakinlərə icarəyə verilməsi və Xankəndi şəhərində təşkil edilən Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkasının keçirilməsi mühüm addımlardan biridir.

Qeyd edək ki, festival çərçivəsində iştirakçılar yerli fermerlərin istehsal etdiyi məhsullarla, müxtəlif toxum və aqrar texnologiyalarla tanış olublar.Yarmarkada Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonundan olan 20 toxum istehsalçısı ilə yanaşı, toxumçuluq sahəsində fəaliyyət göstərən iri şirkətlər də məhsullarını təqdim edib.Qarabağ iqtisadi rayonu üzrə yumşaq buğdanın, arpanın bir neçə növünün əkilməsi də tövsiyə olunub.

Seçilən
6
3
qaziler.az

4Mənbələr