Bu gün Xankəndi şəhərində növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası təşkil olunub.
Bu barədə Moderator.az-a Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı fiziki yerləşmə ilə məhdudlaşmır: "Köç prosesinin uğuru yalnız infrastruktur layihələrinin icrası ilə ölçülməməlidir. Əsas məqsəd insanların bu torpaqlarda dayanıqlı, təhlükəsiz və sosial baxımdan inteqrasiya olunmuş həyat qurmasıdır. Dayanıqlı məskunlaşmanın əsasında əhalinin məşğulluğunun təmin edilməsi dayanır".
Onun sözlərinə görə, keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsində kənd təsərrüfatı sahəsi xüsusi əhəmiyyət daşıyır: "Əkin üçün istifadəyə verilməsi nəzərdə tutulan kənd təsərrüfatı təyinatlı torpaqların sərhədlərinin dəqiqləşdirilməsi və keçmiş məcburi köçkünlərə verilməsi, həmçinin həyətyanı ərazilərin bölgüsünün müəyyən edilməsi istiqamətində aparılan işlər əhalinin məşğulluğunun təmin edilməsi ilə yanaşı, sosial adaptasiya prosesinə də öz töhfəsini verəcək. Bu baxımdan Xocalı rayonunun Ballıca və Xanyurdu kəndləri üzrə torpaqların sakinlərə icarəyə verilməsi və Xankəndi şəhərində təşkil edilən Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkasının keçirilməsi mühüm addımlardan biridir".
Festival çərçivəsində iştirakçılar yerli fermerlərin istehsal etdiyi məhsullarla, müxtəlif toxum və aqrar texnologiyalarla tanış olublar. Yarmarkada Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonundan olan 20 toxum istehsalçısı ilə yanaşı, toxumçuluq sahəsində fəaliyyət göstərən iri şirkətlər də məhsullarını təqdim edib.Qarabağ iqtisadi rayonu üzrə yumşaq buğdanın, arpanın bir neçə növünün əkilməsi də tövsiyə olunub.