BAKI, 5 oktyabr. TELEQRAF
Olimpiya çempionu Alina Kabayeva tərəfindən yaradılmış “Nebesnaya Gratsiya” bədii gimnastika akademiyasının komandası III MDB Oyunlarında iştirak etmək məqsədilə Şəkişəhərindəki Olimpiya İdman Kompleksinə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq “Nebesnaya Gratsiya” Assosiasiyasının icraçı direktoru Yelena Yerxan məlumat yayıb.
Gimnastlar Kompleksinin arenasında məşqlərə başlayıblar.
Komandanın tərkibində akademiyanın fəaliyyət göstərdiyi müxtəlif ölkələri təmsil edən gimnastlar yer alır. Onların MDB Oyunlarındakı iştirakı bədii gimnastikanın inkişafında beynəlxalq əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha göstərir.
Xatırladırıq ki, III MDB Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlar artıq sabah – oktyabrın 6-da Şəki Olimpiya İdman Kompleksinin arenasında start götürəcək.