AZ

80 yaşlı Petrosyanın əsas hədəfi budur: Paşinyanı da belə satmışdı - MÜSAHİBƏ

BAKI, 25 sentyabr. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elxan bəy, son zamanlar Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Baş nazir Nikol Paşinyana qarşı açıq müstəvidə mübarizəyə qoşulub. 80 yaşlı erməni siyasətçinin əsas iddiaları nədən ibarətdir? Onun indiki halda fəallığı nə ilə bağlıdır?

- Ötən günü 80 yaşını qeyd edən Petrosyanın ciddi xəstəlikləri də var. Aydındır ki, o aktiv siyasətə qayıda bilməyəcək. Ermənistanın birinci prezidentinin rəhbərlik etdiyi Erməni Milli Konqresi (EMK) də o qədər fəal deyil. Onun partiyasının ikinci fiquru yəni, Erməni Milli Konqesinin sədr müavini Levon Zurabyan indi daha fəal görünməyə çalışır. Zurabyan Paşinyanın çağırışına cavab verib, onunla debata çıxmağa hazır olduğunu deyib. Sözsüz ki, Baş nazir Zurabyanla debata çıxmayacaq. Sadəcə olaraq indiki halda Petrosyanın fəallığı diqqəti cəlb etmək üçündür. Vaxtilə o Paşinyanla bir düşərgədə olub. Keçmiş Prezidentlər olan hərbi canilər Robert Köçəryan və Serj Sarkisyan rejiminə qarşı onlar birlikdə mübarizə aparıblar. Daha sonra yolları ayrılıb. Paşinyana da o təsir edir ki, keçmiş düşərgə yoldaşı indi onun əsas rəqiblərinə yəni, Köçəryan və Sarkisyana qoşulub. Ona görə də Baş nazir Petrosyanı onlardan ayırmır. Paşinyan Petrosyanı vaxtilə vəzifəsini qoyub qaçmaqda ittiham edir. Sözsüz ki, bu məsələdə o haqlıdır. Çünki bu proseslərin başında Petrosyan dayanırdı. SSRİ-nin son illərində yaranmış “Qarabağ hərəkatı”nın əsas fiqurlarından biri Petrosyan idi. Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən, separatçılara dəstək verən də o olub. O, Köçəryan kimi birini Qarabağda gündəmə gətirib, daha sonra Ermənistana dəvət edərək baş nazir təyin etmişdi. Bəlli vaxtdan sonra isə o öz postunu qoyub qaçdı. Beləliklə, Köçəryan çox rahatlıqla prezident seçildi. Ona görə də Petrosyana qarşı olan ittihamlarda Paşinyan tam haqlıdır. İndiki halda isə Ermənistanın birinci prezidenti öz aləmində Baş nazirə cavab verməyə çalışır. Amma çox zəifdilər. Paşinyan isə az qala hər həftə keçmiş üç prezidenti (Petrosyan, Köçəryan və Sarkisyan) debata çağırır. Maraqlısı isə odur ki, əslində müxalifət təmsilçiləri baş nazir və prezidentləri debata çağırır. Ermənistanda isə tam əksinə Baş nazir yəni, əsas fiqur müxalifət liderlərinə yalvarır ki, “gəlin debata çıxaq”. Onlar da bu debatdan qorxurlar.

- Erməni cəmiyyətinin baş verənlərə münasibəti necədir?

- Təbii ki, bunları erməni cəmiyyəti görür. Bu əslində Paşinyanın mövqelərini möhkəmləndirmək məqsədi daşıyır. Gələn ilin iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Heç kəs də Paşinyanla bu müstəvidə debata çıxmaq istəmir. Petrosyan isə indiki halda çox zəif fiqurdur və o Paşinyanla yarışacaq halda deyil.

- Ermənistanda konstitusiya ilə yanaşı digər islahatların olacağına dair hakim partiyanın açıqlamaları var. Bunun asanlıqla baş tutacağı ehtimalı varmı?

- Paşinyanın üstünlüyü ondadır ki, onun güclü rəqibləri yoxdur. Ermənistanda son zamanlar keçirilən müxtəlif rəy sorğularına inansaq onun reytinqi bir qədər aşağı düşüb. Amma ona müxalif olanların da reytinqi yüksək deyil. Petrosyan, Köçəryan və Sarkisyanın erməni cəmiyyətində reytinqi çox aşağıdır. Onlar vaxtilə korrupsiyaya bulaşmış, Azərbaycanla müharibəyə səbəb olan adamlardır. Erməni cəmiyyətinin bütün problemləri Köçəryan və Sarkisyanın üzərindədir. Paşinyanın Qarabağı təhvil verməsi iddiasına cavabı da çox sadədədir. Baş nazir bildirir ki, “siz məndən qabaq erməni hərbçilərini Qarabağa göndərmişdiniz və onları ölümə məhkum etmişdiniz”. Bu arqumentlər qarşısında Köçəryan və Sarkisyan heç nə deyə bilmir. Çünki arqumentləri yoxdur. Sadəcə Paşinyanı təhqir etməklə işlərini bitmiş hesab edirlər.

- Baş verənlərin qarşıdan gələn seçkilərə təsirini necə dəyərləndirirsiniz?

- Paşinyan çalışır ki, gələn ilin iyununda keçiriləcək parlament seçkilərində öz və partiyası qələbə qazansın. Bununla da o hökumətini davam etdirmək istəyir. Azərbaycan üçün də bu vacibdir. Ola bilsin ki, gələn il taleyüklü məsələlərin həll olunduğu bir təqvim olsun. Əgər Paşinyan parlament seçkilərində qələbə qazanarsa, yeni konstitusiyanın qəbuluna nail olacaq. Bu da Azərbaycanla sülh müqaviləsinin imzalanmasını təmin edəcək. Həmçinin Zəngəzur dəhlizinin tikintisi sürətlə başlayacaq. Artıq Amerikalılarla Paşinyan bu məsələ ilə bağlı görüşüb, müzakirələr aparıb. Bununla bağlı Ermənistana maliyyə də ayrılıb. Faktiki olaraq iki əsas istiqamətdə həll variantı görünməkdədir. Paşinyan ona görə gələn ilki seçkilərdə mütləq qələbə qazanmalıdır. Müxalifət isə ona qarşı birləşə bilmir. Rusiyanın təlimatı ilə iş adamı Samvel Karapetyan ortaya atılmışdı. Paşinyan onu həbsə atmaqla neytrallaşdırdı.

- Azərbaycanla sülhdən başqa Paşinyan erməni cəmiyyətinə hansı vədləri verir?

- Sözsüz ki, o belə vədlər verməlidir. İslahatlar və iqtisadi durumun daha da normallaşması ilə bağlı Paşinyan müəyyən vədlər verəcək. Çünki cəmiyyətin ona üstünlük verməsi üçün bunlar vacibdir. Amma proseslər bu məcrada gedərsə, Paşinyanın parlament seçkilərində qələbə qazanmaq şansı var. Təbii ki, ora Ermənistandır və hər şey baş verə bilər, təxribat, terror olması da istisna edilmir ki, bunu ermənilər yaxşı bacarır. Hətta Rusiya da prosesə qarışa bilər.

- Prosesin gedişində fərqli qərarlar ola bilərmi?

- Əslində Paşinyan parlament seçkiləri üçün iyun ayını gözləmədən onun vaxtını irəli çəkərək fərqli qərar verə bilər. Bu sülh müqaviləsinin imzalanmasını da sürətləndirər. Bu Paşinyan üçün də faydalıdır. Beləliklə, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşacaq, yollar açılacaq, ticarət başlayacaq, Paşinyanın mövqeləri güclənəcək. Baş nazir də bunu anlayır. Ona görə də Ermənistanda parlament seçkiləri gələn ilin iyun ayında deyil, yaxın aylarda keçirilə bilər. Bununla da Ermənistanın yeni konstitusiyası ilə bağlı da sürətli qərarların verilməsi mümkün görünür. Çünki Paşinyan özü də etiraf edir ki, Ermənistanın indiki konstitusiyası işə yaramır.

Seçilən
41
10
teleqraf.com

10Mənbələr