AZ

Milli Paralimpiya Komitəsindən İlkin Nəsibovla bağlı AÇIQLAMA

Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) paracüdoçu İlkin Nəsibovun Avropa çempionatına buraxılmamasına münasibət bildirib.

İdman.biz xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

MPK bildirib ki, paralimpiya idman növlərində çıxış etmək istəyən hər idmançının həmin paraidman növünün tibbi təsnifatından keçməsi zəruridir: “Tibbi təsnifat təbii proses hesab olunur və bu, yalnız Azərbaycan idmançılarına deyil, bütün iştirakçılara şamil edilir. Gürcüstanda keçirilmiş Avropa çempionatından əvvəl dörd idmançımız tibbi təsnifatda iştirak edib. Ölkəmizi qitə çempionatında ümumilikdə 8 paracüdoçu təmsil edib. Tibbi təsnifatdan keçmiş üç idmançımız daxil olmaqla, 2 gənc idmançımız ilk dəfə beynəlxalq arenada tatamiyə çıxıb. Paracüdoçumuz İlham Zəkiyev qızıl medal qazanaraq Tiflisdə himnizi səsləndirib, Dürsədəf Kərimova isə gümüş medala yiyələnib. Yalnız 2005-ci il təvəllüdlü İlkin Nəsibovun gözündə görmə əlilliyinin paracüdonun J2 kateqoriyasında çıxış etməsi üçün yetərli olmadığı məlum olub. Bu kateqoriyada qismən görmə məhdudiyyətli idmançılar mübarizə aparır”.

Qurumdan o da vurğulanıb ki, MPK tərəfindən tibbi təsnifatla bağlı yenilənmiş qaydalara adaptasiya prosesi böyük həssaslıqla həyata keçirilir, bu prosesin sürətləndirilməsi üçün bütün zəruri addımlar atılır və mütəmadi olaraq federasiyalar və assosiasiyalar arasında bu istiqamətdə müzakirələr aparılır: “MPK olaraq daim şəffaflığın tərəfdarı olmuşuq və paralimpiyaçılarımızın beynəlxalq arenada uğurlu çıxışı üçün lazımi tədbirləri görməyə davam edəcəyik. Media nümayəndələrindən bu cür xəbərlərə həssas yanaşılmasını, ictimailəşdirilməmişdən öncə Komitənin mövqeyinin nəzərə alınmasını xahiş edirik”.

İdman.biz

Seçilən
0
7
idman.biz

8Mənbələr