AZ

Milli Paralimpiya Komitəsi paracüdoçu İlkin Nəsibov ilə bağlı mövqeyini açıqladı

BAKI, 24 sentyabr. TELEQRAF

Milli Paralimpiya Komitəsi paracüdoçu İlkin Nəsibov ilə bağlı mətbuatda yayılan xəbərlərlə bağlı açıqlama yayıb.

Teleqraf xəbər verir ki, Paralimpiya idman növlərində çıxış etmək istəyən hər bir idmançının həmin paraidman növünün tibbi təsnifatından keçməsi zəruridir.
Tibbi təsnifat təbii proses hesab olunur və bu, yalnız Azərbaycan idmançılarına deyil, bütün iştirakçılara şamil edilir.

Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Paracüdo üzrə Avropa çempionatından əvvəl dörd idmançımız tibbi təsnifatda iştirak edib. Ölkəmizi qitə çempionatında ümumilikdə 8 paracüdoçumuz təmsil edib. Tibbi təsnifatdan keçmiş üç idmançımız daxil olmaqla, 2 gənc idmançımız ilk dəfə beynəlxalq arenada tatamiyə çıxıb. Paracüdoçumuz İlham Zəkiyev qızıl medal qazanaraq Tbilisidə himnizi səsləndirib, Dürsədəf Kərimova isə gümüş medala yiyələnib. Yalnız 2005-ci il təvəllüdlü İlkin Nəsibovun gözündə görmə əlilliyinin paracüdonun J2 kateqoriyasında çıxış etməsi üçün yetərli olmadığı məlum olub. Qeyd edək ki, bu kateqoriyada qismən görmə məhdudiyyətli idmançılar mübarizə aparır.

Milli Paralimpiya Komitəsi tərəfindən tibbi təsnifat ilə bağlı yenilənmiş qaydalara adaptasiya prosesi böyük həssaslıqla həyata keçirilir, bu prosesin sürətləndirilməsi üçün bütün zəruri addımlar atılır və mütəmadi olaraq federasiyalar və assosiasiyalar arasında bu istiqamətdə müzakirələr aparılır. MPK olaraq daim şəffaflığın tərəfdarı olmuşuq və paralimpiyaçılarımızın beynəlxalq arenada uğurlu çıxışı üçün lazımi tədbirləri görməyə davam edəcəyik.
Media nümayəndələrindən bu cür xəbərlərə həssas yanaşılmasını, ictimailəşdirilməmişdən öncə Komitənin mövqeyinin nəzərə alınmasını xahiş edirik.

Seçilən
2
7
teleqraf.com

8Mənbələr