Astara, 22 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Astarada torpaq sürüşməsi nəticəsində sitrus ağacları və ev quşları torpaq altında qalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cənub bölgəsində yağıntılı hava şəraiti çaylarda suyun səviyyəsini artırıb. Leysan xarakterli yağış, Astara rayonunda isə bir sıra fəsadlar törədib. Ucqar dağ kəndlərində sel suları yollara, körpülərə zərər vurub. Niləşə kəndində isə torpaq sürüşməsi baş verib. Təqribən 100 metrə yaxın torpaq sürüşərək, ətrafdakı evlər üçün təhlükə yaradıb.
Kənd sakini Günay Ruhşanovaya məxsus həyətyanı sahədə sitrus meyvələri və toyuq-cücə torpaq altında qalıb.
Siyəkü kənd bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki, baş verən hadisə meşə massivində, meşə təsərrüfatına aid olan ərazidə qeydə alınıb. Onun sözlərinə görə, vətəndaşın müraciəti əsasında əraziyə baxış keçirilib və sürüşmə faktı barədə aidiyyəti qurumlara məlumat verilib.
Bələdiyyə sədri qeyd edib ki, sürüşmə nəticəsində Asif Fətəliyevə məxsus həyətdə yamac yarılıb və sel suları evin qarşısında toplanaraq mənzilə ziyan vurub. Hadisə zamanı yamacın qarşısında yerləşən istinad divarı yerini dəyişib. R. Dədəyev əlavə edib ki, həmin torpaq sahəsi meşə təsərrüfatına aiddir və evin mülkiyyət sənədlərinin olmadığı üzə çıxıb.
Bələdiyyə sədri onu da bildirib ki, dağlardan gələn sel suları, irigövdəli qurumuş ağacların qol-budaqlarını, torpaq qatını gətirərək, bəzi körpülərin, suötürücü boruların qarşısını kəsib. Hazırda onların təmizlənməsi işləri görülür.