AZ

Heç bir qüvvə Azərbaycanın suverenliyini və yaratdığı yeni reallıqları təhdid edə bilməz » AzadMedia.az


Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Suverenlik hər bir xalq və cəmiyyət üçün ən qiymətli mənəvi sərvətdir. Təsadüfi deyil ki, bəşər tarixi bu sərvətin əldə edilməsi uğrunda aparılan mübarizələrlə doludur. Azərbaycanın xalqı da zəngin suverenlik irsinə malikdir. Müxtəlif tarixin mərhələlərdə azadlığımızın itirilməsinə baxmayaraq, xalqımız heç vaxt öz suverenliyi uğrunda mübarizədən geri çəkilməyib.
Azərbaycan müasir tarixində də suverenliklə bağlı hadisələr çoxdur və bunlardan biri 2023-cü ilin antiterror tədbirləri nəticəsində bütün ərazilərimiz üzərində milli suverenliyimizin tam təmin olunmasıdır.
Məlum olduğu kimi Azərbaycanın tarixi torpağı olan Qarabağ bölgəsi hələ sovet dövlətinin mövcud olduğu ötən əsrin 80-ci illərinin sonlarından erməni separatizminin girovuna çevrilmiş, bu ərazi üzərində respublikamızın suverenliyi pozulmuşdu. 1991-ci ildə isə Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq kimi mənfur plana uyğun olaraq, erməni separatçıları Qarabağda qondarma respublikanın yaradıldığını elan etmişdilər. Həmin dövrdən etibarən Qarabağ cinayətkar hərbi dəstələrin fəaliyyəti, narkoticarət silah alveri və digər qanunsuz fəaliyyət növləri üçün münbit şəraiti olan nəzarətsiz zona idi. Qanunların, beynəlxalq hüquq normalarının işləmədiyi, separatçıların və müharibə canilərinin idarə etdiyi bu ərazidən torpaqlarımızın işğal altında olduğu illərdə yalnız çirkin məqsədlər üçün istifadə edilirdi. Qədim yurd yerimiz olan Xankəndi şəhərini isə separatçılar terror və məkr yuvasına çevirmişdilər. Ona görə ermənilər nə qədər çalışsalar da, nə qədər cəhdlər göstərsələr də işğal altında saxladıqları dövrdə Qarabağı beynəlxalq səviyyədə nə erməni torpağı, nə nə sivil ünvan kimi tanıtdıra bildilər.
Vətən müharibəsindən sonra isə üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Qarabağda separatçıların mövcudluqlarını davam etdirmələri regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyinə çevrilmişdi. Belə ki, separatçılar hərbi təxribatlarla sülh prosesini sabotaj etməyə, kommunikasiyaların açılmasını əngəlləməyə, regionun problemlərinin həlli və inkişafı ilə bağlı bütün səyləri heçə endirməyə çalışırdılar. Bu məqsədlə 44 günlük müharibədən ötən 3 il ərzində qondarma rejimin qeyri-qanuni dəstələri dəfələrlə Azərbaycan Ordusunun mövqelərinə və mülki vətəndaşarımıza qarşı çoxsaylı təxribatlar həyata keçirdilər. Həmçinin, ərazilərimizi minalayır, yeni hərbi obyektlər yaradır, Ermənistandan Qarabağa silah-sursat daşıyırdılar.
Suveren dövlətin daxilində qondarma bir rejimin olması tamamilə qəbuledilməzdir. Beynəlxalq hüquq da separatçı rejimlərin mövcudluğunu tanımır. Bu baxımdan Vətən müharibəsində qalib gəlmiş Azərbaycan dövləti də öz ərazisində milli suverenliyini pozan separatçı rejiminin olmasına heç vaxt yol verə bilməzdi. Bu qanunsuz fəaliyyətin yolverilməzliyi və qarşısının sərt şəkildə alınacağı ilə bağlı Azərbaycanın xəbərdarlıqları isə separatçı rejimin ünsürləri tərəfindən nəinki qulaqardına vurulurdu, hətta onlar respublikamızı təhdid edirdilər.
Hələ 2023-cü il aprelin 23-də Laçın rayonunda Ermənistanla şərti sərhəddə sərhəd-buraxılış məntəqəsinin yaradılması bütün ərazilərimiz üzərində milli suverenliyimizin təmin olunmasının ilk addımlarından biri idi. Eyni zamanda bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan mühüm addım idi. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, separatçılar tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək ərazilərimizdən çıxarılması məqsədilə 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirlərinin nəticəsində isə bütün ərazilərimiz üzərində suverenliyimizin bərpa olunması prosesi uğurla başa çatdırıldı. Beləliklə, 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə bu dəfə Qarabağ bölgəsində respublikamızın Konstitusiya quruluşu, hakimiyyətin aliliyi və nəzarət funksiyası şəkildə bərpa olundu. Bununla da Azərbaycan dövləti özünün bütün əraziləri üzərində milli suverenliyini tam təmin etdi. Ona görə bu hadisə Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir.
Böyük qürurla qeyd etməliyik ki, bütün ərazilərimiz üzərində milli suverenliyimizin tam təmin olunduğu 20 sentyabr tarixi təqvimə Dövlət Suverenliyi Günü kimi həkk olunub. Cənab Prezident İlham Əliyevin «Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında» 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, sentyabrın 20-si respublikamızda Dövlət Suverenliyi Günü kimi qeyd edilir.
Cənab Prezidentin bu sərəncamı Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyümüz uğrunda milli mübarizənin rəmzi yekununu əks etdirir. Bunun əlamətdar hadisə kimi təqvimdə rəsmi yer alması isə Azərbaycan xalqının öz milli haqqı uğrunda mübarizə aparmasını dünyaya bəyan edir, şərəfli tariximizi gələcək nəsillərimizə ötürür.
Artıq 5 ildir ki, Azərbaycan respublikamı cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə yeni tarixi mərhələyə qədəm qoyub. Bu mərhələnin reallıqları torpaqlarımızın işğaldan azad edilməsi, milli suverenliyimizin tam təmin olunmasıdır. Ən əsası həm də odur ki, heç bir qüvvə, heç bir məkrli fəaliyyət Azərbaycanın suverenliyinə və yaratdığı yeni reallıqlara təhdid doğura bilməz. Dövlət Suverenliyi Günümüz mübarək olsun!
Seçilən
39
4
azadmedia.az

5Mənbələr