AZ

Xorxe Kaskilya: “Bu, Azərbaycan futbolu üçün tarixi qələbədir”

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Şamaxıda baş tutmuş oyun “İmişli”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun bizim üstünlüymüzlə keçdi. İstədiyimiz kimi oynaya bildik. Rəqib qol vurmaq üçün təzyiq edirdi. Amma bunun qarşısını almağı bacardıq. Daha sonra öz oyunumuzu onlara diktə edə bildik. Hesab 2:0 olandan sonra daha rahat oynamağa başladıq. Bilirdik ki, rəqib 1 qol vursa, hesabı bərabərləşdirmək üçün çalışacaq. Bizim qol şanslarımız çox oldu. 3:0 hesabı oyunumuza layiq nəticədir. Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Bir az hakimlər barədə danışmaq istəyirəm. İlk dəfədir bu haqda danışıram. İki vacib situasiya oldu. Bir penaltimizi vermədilər. “Karvan”ın kapitanının Almeydaya qarşı sərt oynadığı epizodda da qırmızı vərəqə verilməli idi. Bu, ötən həftə bizim oyunçuya verilmiş qırmızı vərəqəlik epizoddan daha sərt idi”.

Xorxe Kaskilya hədəflərinin dəyişməz olaraq qaldığını vurğulayıb:

“Məqsədimiz olduğu kimi qalır. Hər oyuna qələbə üçün çıxacağıq. Ardıcıl 3 qələbə Birinci Liqadan gəlmiş komanda üçün yaxşı nəticədir. Bu, bizim məqsədimiz idi. Prmeyer Liqada təcrübəli və yüksək büdcəli komandalar var. Bu amillər bizə təsir etmir. Hər oyunda meydana qələbə üçün çıxırıq. Növbəti matçlara da bu mentalitetlə çıxacağıq”.

Xorxe Kaskilya Azərbaycan çempionu “Qarabağ”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində Portuqaliyanın “Benfika” komandası üzərindəki qələbəyə görə təbrik etməyi də unutmayıb:

“Qarabağ”ı təbrik edirəm. Bu, Azərbaycan futbolu üçün tarixi qələbədir. Əlbəttə, portuqaliyalı olduğum üçün “Benfika”nı dəstəkləyirdim. Amma “Qarabağ” 90 dəqiqə ərzində göstərdi ki, onlardan daha yaxşı oynayır. Hamı “Benfika”nın qalib gələcəyini gözləyirdi. “Qarabağ”ın qələbəsi onu göstərir ki, Azərbaycan çempionatı inkişaf edir. Bu həftə “A Bola” nəşrində “İmişli” haqqında yazı getmişdi. Bu o deməkdir ki, artıq Portuqaliyada Azərbaycan futbolunu diqqətdə saxlayırlar”.

Azər Həşimov legionerlərdən narazıdır

“Karvan”ın baş məşqçisi Azər Həşimov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Ötən turlarda olduğu kimi, yenə standart vəziyyətdən qol buraxdıq. Daha sonra rəqib əks-hücumda ikinci qolu vurdu. Fasiləyə məğlub durumda yollandıq. Çalışsaq da, geridönüş edə bilmədik. Mikels bizim üçün önəmli futbolçudur. Bu gün hücum xəttində Uğur Cahangirov oynayırdı. Hələ gəncdir, Mikels kimi təcrübəli futbolçu deyil deyə, hücumda biz az çətinliklər yaşayırıq.

Hələ 5 oyun oynamışıq. Bəzi legionerlər bir az potensialından aşağı çıxış edirlər. Gələcəkdə daha yaxşı olacaqlar. 3-4 legioner futbolçu var ki, onlardan tam istədiyimizi ala bilmirik.

Araz Abdullayevin zədəsi var. Məşqdə arxa əzələsindən zədə alıb. Müalicəsi davam edir. Qapıçımız da zədəlidir. Onlar sağalandan sonra daha yaxşı nəticələr göstərməyə çalışacağıq”.

error: Məzmun qorunur!
Seçilən
14
9
arena.az

10Mənbələr