AZ

“Azərbaycanın hər guşəsində, hər bir şəhər və kəndində üçrəngli bayrağımız əzəmətlə dalğalanır” -Deputat

20 sentyabr – Dövlət Suverenliyi Günü müasir Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisədir və xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsis olunan bu gün hər il dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və milli birliyimizin rəmzi kimi qeyd olunur.

Bu tarixi gün, Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlanan, onilliklər boyu davam edən çətin və şərəfli mübarizənin məntiqi sonu, dövlətimizin tam suverenliyinin təmin olunması ilə yadda qalıb.

Redaktor.az xəbər verir ki, bu fikirləri "Trend"ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, Dövlət Suverenliyi Gününün rəsmi olaraq təqvimdə yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin, 2023-cü ildə həyata keçirilən uğurlu antiterror tədbirlərinin və XXI əsrdə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinin önəmini bir daha təsdiqləyir.

“Sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara qarşı Azərbaycan dövləti antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat nəticəsində Müzəffər Azərbaycan Ordusu qarşısına qoyulan bütün vəzifələri yüksək dəqiqlik və peşəkarlıqla icra etdi. Ermənistanın bütün xəbərdarlıqlara baxmayaraq, təxribatçı fəaliyyətini davam etdirməsi bu əməliyyatları zərurətə çevirdi. Halbuki İkinci Qarabağ müharibəsində əldə edilən Zəfərdən sonra imzalanmış kapitulyasiya aktına əsasən, Azərbaycanın ərazisində heç bir erməni silahlı birləşmələri qalmamalı idi”.

O əlavə edib ki, buna baxmayaraq, Qarabağ bölgəsində 10 mindən artıq erməni hərbçisi və qeyri-qanuni silahlı dəstə mövcud idi:

“Azərbaycanın qətiyyətli addımı nəticəsində həmin qüvvələr zərərsizləşdirildi, üçtərəfli bəyanatın tələbləri tam icra olundu, konstitusiya quruluşumuz bərpa edildi.

Bu əməliyyatların nəticəsində qondarma separatçı rejim öznü buraxdığını elan etdi və bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi bərqərar olundu. Artıq bu gün Azərbaycanın hər guşəsində, hər bir şəhər və kəndində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bu hadisə dövlətçiliyimizin möhkəmlənməsi, milli birliyimizin güclənməsi və gələcək nəsillərə suveren bir Azərbaycan miras qoyulması baxımından əvəzsiz tarixi mərhələdir”.

Seçilən
6
2
redaktor.az

3Mənbələr