AZ

"Qalib xalqımız daha yaxşı yaşamaq haqqına sahibdir" - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin sualını cavablandırıb.

Müsahibəni təqdim edirik:

-Qüdrət bəy, Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə əlaqədar konfrans keçirildi.Tədbir və müzakirəyə çıxarılan mövzu ilə əlaqədar fikirlərinizi bilmək istərdik...

-Tədbir Milli Məclisin sədri Sahibə xanımın təşəbbüsü ilə çox əlamətdar hadisəyə həsr olunmuşdu. Buna görə Sahibə xanıma, tədbiri yüksək səviyyədə təşkil etmiş Mİlli Məclisin Aparatına öz təşəkkürümü bildirirərm. Konfransda Konstitusiya Məhkəməsinin sədri, deputatlar, müxtəlif dövlət orqanlarının rəhbərliyində təmsil olunan tanınmış şəxslər, elm adamları iştirak edirdi. Moderatorun tez-tez çıxışlara yersiz iradları, şərh və əlavələri ümumi ab-havanı korlasa da, çox maraqlı çıxışlar oldu.
Mən xalqımızı müstəqillik tariximizin ən şanlı səhifələrindən biri olan "Dövlət Suverenliyi Günü" münasibətilə təbrik edirəm. Qarabağın azadlığı, torpaqlarımızda dövlət suverenliyinin bərpası həm də mərhum prezidentimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, 20 sentyabrda "Əsrin Müqaviləsi"ni imzalamağı bacardı. Buna mane olmaq istəyən dövlətlərlə anlaşa, onları neytrallaşdıra bildi. 20 sentyabrda - bu uğurlu gündə, Prezident İlham Əliyev Qarabağ üzərində dövlət suverenliyini bərpa etdi, erməni faşizminə, işğala son qoydu. Neft pulları hesabına güclü ordu qurduq, müttəfiqlər qazandıq, torpaqlarımızı işğaldan azad etdik. Bu gün də görülən işlər əsasən neft gəlirləri sayəsində baş verir.

Buna görə 20 sentyabr - "uğur gününün" dövlət bayramı kimi qeyd olunmasını təklif edənlərdən biri və bəlkə də birincisi mən idim. Çox şadam ki, həmin günü sabah bayram kimi qeyd edəcəyik, eyni zamanda böyük dövlət xadimi Heydər Əliyevi böyük sayğı və ehtiramla anacağıq.

Təklif edirəm 10 noyabr 1992-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunun əvəzinə, Azərbaycan Respublikasının orden və medalları haqqında" və ya "Dövlət təltifləri haqqında" yeni qanun qəbul edək. Yeni qanuna belə bir norma daxil edək ki, Azərbaycan Respublikasının Ali Baş komandanı Milli Məclis tərəfindən təltif olunur. Dövlət təltiflərinin təqdim olunma proseduru və geri alınma qaydaları da bu qanunda öz əksini tapmalıdr. Cabir Novruzun gözəl bir şeri var, "Sağlığında qiymət verin insanlara". Bayram ərəfəsində bu məsələni qaldırmağımın məqsədi də odur ki, Ali Baş komandan kimi İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunmasındakı müstəsna xidmətlərini nəzərə alıb, onu, kənardan kimin nə deyəcəyinə, hansı uzağa gedən nəticələr çıxaracağına əhəmiyyət vermədən, təsis olunduğu andan bu günə kimi heç kəsə verilməmiş, Azərbaycan Respublikasının Ali Hərbi Ordeni "Şah İsmayıl Ordeni" ilə təltif edək və əvvəllər də təklif etmişdim ki, Şuşada tikilən məscid onun adını daşısın. O zaman əxlaqsız insanların hücumları ilə üzləşdim, inşallah vaxt gələr layiqli cəzalarını alarlar. Şuşada tikilən yeni məscidə onun adının verilməsi çox ədalətli olar. Bu, Allaha da xoş gedər. İlham Əliyev inanclı adamdır, Qarabağı Allahın köməyi ilə işğaldan azad etdi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına da məscidlərin bərpası ilə başlayır. Bundan başqa, təklif edirəm Şuşa Bəyannaməsinin imzalandığı yerdə Türkiyə-Azərbaycan qardaşlığını simvolizə edən möhtəşəm bir abidə ucaldaq. Başqa bir möhtəşəm abidəni isə Xankəndində Azərbaycan əsgərinin şərəfinə yüksəldək.

Seçilən
10
6
aznews.az

8Mənbələr