Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
-Qüdrət bəy, Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə əlaqədar konfrans keçirildi.Tədbir və müzakirəyə çıxarılan mövzu ilə əlaqədar fikirlərinizi bilmək istərdik...
-Tədbir Milli Məclisin sədri Sahibə xanımın təşəbbüsü ilə çox əlamətdar hadisəyə həsr olunmuşdu. Buna görə Sahibə xanıma, tədbiri yüksək səviyyədə təşkil etmiş Mİlli Məclisin Aparatına öz təşəkkürümü bildirirərm. Konfransda Konstitusiya Məhkəməsinin sədri, deputatlar, müxtəlif dövlət orqanlarının rəhbərliyində təmsil olunan tanınmış şəxslər, elm adamları iştirak edirdi. Moderatorun tez-tez çıxışlara yersiz iradları, şərh və əlavələri ümumi ab-havanı korlasa da, çox maraqlı çıxışlar oldu.
Mən xalqımızı müstəqillik tariximizin ən şanlı səhifələrindən biri olan "Dövlət Suverenliyi Günü" münasibətilə təbrik edirəm. Qarabağın azadlığı, torpaqlarımızda dövlət suverenliyinin bərpası həm də mərhum prezidentimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, 20 sentyabrda "Əsrin Müqaviləsi"ni imzalamağı bacardı. Buna mane olmaq istəyn dövlətlərlə anlaşa, onları neytrallaşdıra bildi. 20 sentyabrda - bu uğurlu gündə, Prezident İlham Əliyev Qarabağ üzərində dövlət suverenliyini bərpa etdi, erməni faşizminə, işğala son qoydu. Neft pulları hesabına güclü ordu qurduq, müttəfiqlər qazandıq, torpaqlarımızı işğaldan azad etdik. Bu gün də görülən işlər əsasən neft gəlirləri sayəsində baş verir.
Buna görə 20 sentyabr - "uğur gününün" dövlət bayramı kimi qeyd olunmasını təklif edənlərdən biri və bəlkə də birincisi mən idim. Çox şadam ki, həmin günü sabah bayram kimi qeyd edəcəyik, eyni zamanda böyük dövlət xadimi Heydər Əliyevi böyük sayğı və ehtiramla anacağıq.
Təklif edirəm 10 noyabr 1992-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunun əvəzinə yeni , "Azərbaycan Respublikasının orden və medalları haqqında" və ya "Dövlət təltifləri haqqında" yeni qanun qəbul edək. Yeni qanuna belə bir norma daxil edək ki, Azərbaycan Respublikasının Ali Baş komandanı Milli Məclis tərəfindən təltif olunur. Dövlət təltiflərinin təqdim olunma proseduru və geri alınma qaydaları da bu qanunda öz əksini tapmalıdr. Cabir Novruzun gözəl bir şeri var , "Sağlığında qiymət verin insanlara."Bayram ərəfəsində bu məsələni qaldırmağımın məqsədi də odur ki, Ali Baş komandan kimi İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunmasındakı müstəsna xidmətlərini nəzərə alıb, onu, kənardan kimin nə deyəcəyinə, hansı uzağa gedən nəticələr çıxaracağına əhəmiyyət vermədən, təsis olunduğu andan bu günə kimi heç kəsə verilməmiş, Azərbaycan Respublikasının Ali Hərbi Ordeni "Şah İsmayıl Ordeni" ilə təltif edək və əvvəllər də təklif etmişdim ki, Şuşada tikilən məscid onun adını daşısın. O zaman əxlaqsız insanların hücumları ilə üzləşdim, inşallah vaxt gələr layiqli cəzalarını alarlar. Şuşada tikilən yeni məscidə onun adının verilməsi çox ədalətli olar. Bu, Allaha da xoş gedər. İlham Əliyev inanclı adamdır, Qarabağı Allahın köməyi ilə işğaldan azad etdi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına da məscidlərin bərpası ilə başlayır. Bundan başqa, təklif edirəm Şuşa Bəyannaməsinin imzalandığı yerdə Türkiyə-Azərbaycan qardaşlığını simvolizə edən möhtəşəm bir abidə ucaldaq. Başqa bir möhtəşəm abidəni isə Xankəndində Azərbaycan əsgərinin şərəfinə yüksəldək.
Qələbəmizə, qələbəmizdə xidməti olanlara, şəhidlərimizə, qazilərimizə verdiyimiz, verəcəyimiz yüksək qiymət özümüzə, xalqımıza verdiyimiz qiymətdi. Erməni faşizmi üzərində qələbəmiz bizi daha böyük uğurlara, daha böyük quruculuq işlərinə və qələbələrə ruhlandırmalıdr. Qalib xalqımız daha yaxşı yaşamaq haqqına sahibdir. Biz onlara bu imkanı yaratmalıyıq. Xalqımızın indiki sosial inkişaf göstəricilərini nəzərə alıb nə indi, nə yaxın gələcəkdə xalqdan böyük dəyişikliklər üçün sosial sifariş gözləməməliyik. Prezidentə inanan və ondan inkişaf üçün dəyişiklik gözləyən xalqımızın bugünkü susqunluğu onun həyatından razı olması kimi qəbul olunmamalıdır.
Böyük quruculuq işlərinə başlamasaq insanlarımızın yaxşı yaşamaq üçün bir-birinin haqqını çeynəyəcəklərini, güclülərin zəifləri, səlahiyyətli şəxslərin sadə vətəndaşları, kiçik və orta sahibkarları istismar edəcəyini, ali insani dəyərlərin aşınacağını müşahidə edəcəyik. Bütün bunları önləmək üçün hökumətin fəaliyyətinə və qanunların icrasına nəzarət mexanizmləri nəzərdə tutan yeni Konstitusiya, müasir qanunlar və qərarlar qəbul etməliyik. Qanunların icrasına nail olmaqla çalışmalıyıq ki, cəmiyyətimiz inkişaf etsin, Allahın kölgəsi həmişə üzərimizdə də olsun, köməyimizə çatsın, bizi bir daha ərazi bütövlüyümüzlə, qaçqın - köçkün ağrı-acısı, vətəndaş qarşıdurması ilə sınağa çəkməsin, bizdən üz döndərməsin! Bir an olsun yaddan çıxarmamalıyıq ki, Allah bizə həm səmadan, həm daxildən - vicdanımızla, həm də kənardan xalqın gözü ilə nəzarət edir.
Onu da qeyd edim ki, Prezident Müstəqil Azərbaycan dövlətinin ilk baş naziri Fətəli xan Xoyskinin 150 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə sərəncam imzalayıb. Rəsulzadənin, Xoyskinin və Topçubaşovun qəbirlərinin Azərbaycana gətirilməsi tariximizə verdiyimiz yüksək qiymət olar, onların və silahdaşlarının ruhunu şad edərdi...