Bakı, 18 sentyabr, AZƏRTAC
“Qarabağ” daha bir futbolçunun keçidini reallaşdırıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin oyunçusu Ramil Şeydayev heyətə cəlb olunub. 29 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Şeydayev “Qarabağ”da 77 nömrəli forma ilə çıxış edəcək.
Ramil 2017-2018 və 2021-2023-cü illərdə də “Qarabağ”da forma geyinib. O, komanda ilə 3 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb. 2022/23 mövsümündə 22 qolla Premyer Liqanın bombardiri adına sahib olub.
Azərbaycan milli komandasında keçirdiyi 69 oyunda 10 qol vuran forvard karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.
Qeyd edək ki, klubu bunadək altı futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae, Joni Montiel və Kamilo Duranı heyətinə qatıb.