AZ

Ermənilərin 1988–1992-ci illərdə törətdikləri cinayətlər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 15-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclası sənədlərin tədqiqi ilə davam etdirilib. Onlardan biri 1988-1991-ci illərdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində törədilmiş kütləvi iğtişaşlar, qəsəbədə yaşayan azərbaycanlı sakinlərin evlərinin dağıdılması ilə bağlı olub.

Şübhəli şəxs qismində dindirilmiş Georqi Sarkisyan bildirib ki, 1988-ci il sentyabrın 18-20-də ermənilər tərəfindən azərbaycanlıların evləri dağıdılıb, yandırılıb, azərbaycanlılar Xankəndi şəhərindən qovulublar. O dəstəsində Arkas, Şahin, Razmik, Balayan qardaşları, sürücü Edik, Vanik və Vaçik qardaşları, Qrişa, Maksim olduğunu deyib. Şahid qismində dindirilmiş Şahverdi Səfərov bildirib ki, 1988-ci ildən başlayaraq Kərkicahan qəsəbəsində azərbaycanlıların yaşadığı evlərə basqınlar olub, həmin basqınlara tanıdığı Jora adlı erməni təşkilatçılıq edib.

Aleksandr Xaçaturyan göstərib ki, 1988-ci ilin fevralından Araksi, Qurqen Kaprelyan, Raça Beqlaryan və digərləri ermənilərin və azərbaycanlıların aralarında düşmən münasibət yaratmağa başlayıblar. Araksi Kərkicahan qəsəbəsində çıxış edərək, azərbaycanlıları Qarabağdan qovmağa səsləyib. 1988-ci ilin fevral ayından Jora Sarkisyan başçılıq etdiyi silahlılar azərbaycanlıların Qarabağdan qovulmasını təşkil edib, hərbi paltarda gəzərək yanında olan şəxslərlə azərbaycanlılara qarşı tədbirlər hazırlayıb.

Zərərçəkmiş şəxs Əvəz Abuzərov bildirib ki, 1990-cı ilin avqust ayında Tapdıq Rzayev ermənilər tərəfindən odlu silahla qətlə yetirilib. 1991-ci il iyunun 3-də Kərkicahan qəsəbəsinə ermənilər yenidən hücum ediblər. Ramiz Salahov, Şükür Rəhimov, Atdıxan Sahilov, Osman Səfərov və adlarını unutduğu şəxslər ermənilər tərəfindən açılan atəşlərə məruz qalıblar. Həmin hadisələr zamanı bəzi sakinlər yaralanaraq xəsarətlər alıb, Ağəli Səfərov isə öldürülüb. 1991-ci il sentyabrın 25-də Kərkicahana növbəti hücum olub. Həmin vaxt Aslan Hüseynov ayağından güllə yarası alıb.

Sentyabrın 30-da ermənilər avtomat silahdan atəş açaraq Kərkicahan sakini Telman Həsənovu öz evinin qarşısında qətlə yetiriblər, daha sonra müəllim Bənövşə Abuzərovanı, Əfqan Tarverdiyevi, Saleh Soltanovu, Nurəddin Salahovu və başqalarını yaralayıblar. Şəkər Salahovanı isə Qədir Balasanyan yaralayıb. Dekabrın 28-də ermənilər hər tərəfdən Kərkicahana hücuma keçiblər. 1992-ci il yanvarın 13-də ermənilər atəş açaraq sakin Əliyev İlham Bahadur oğlunu qətlə yetiriblər.

Arif Məmmədovun öldürülməsi ilə bağlı cinayət işi üzrə şahid qismində dindirilmiş Müşfiq Rüstəmov bildirib ki, hücumlarda şübhəli bilinən Borik Süleymanyan saxlanılıb. Onu polis şöbəsinə gətirdikləri zaman avtomobil atəşə tutulub, Arif Məmmədov güllə yarası alıb və ölüb. Daha bir sənəd Cəbrayıl rayonunun Çullu kənd sakini Sevdayar Quliyevin Hadrut rayonunda öldürülməsi ilə bağlı olub. İclasda Şövkət Həşimovanın və Cavanşir Səfərəliyevin itkin düşməsi faktı üzrə sənədlər də elan edilib.

Məhkəmə iclasında Əsgəran rayonunun meşə massivində “Alazan-2M” tipli raket qurğularının aşkar edilməsi, 1988-ci ilin yanvar-fevral aylarında təbliğat-təşviqat aparmaqla azərbaycanlıların Xankəndi şəhərindən qovulmaları, 1991-ci il iyunun 13-də Şərur rayonunun Yuxarı Yaycı kəndində sovxozun atəşə tutulması, 1991-ci il iyulun 17-də Ağdərə rayonunun İmarət-Qərvənd kəndinə silahlı basqın edilməsi, 1991-ci il iyunun 27-28-də Xocavənd rayonunun Qaradağlı kəndində yerləşən fermanın atəşə tutulması və digər faktlar üzrə də sənədlər oxunub.

Məhkəmədə Kəlbəcər-Mərcimək avtomobil yolunun üzərində yerləşən “Sarıqaya” adlanan yerdə silahlı ermənilər tərəfindən Maarif Qəribovun, Ağdərə rayonunun çobanı Yaqub Şərifovun, Ağdərə rayonunun Umudlu kənd sakini Qara Qasımovun öldürülməsi faktları ilə əlaqədar sənədlər və şahid ifadələri, Mahal İmanovun, Vaqif Həsənovun, Novruz İmanovun, Qəzənfər Həsənovun qətlə yetirilmələri üzrə epizodlar da elan edilib.

Məhkəmə prosesi sentyabrın 18-də davam etdiriləcək.

XQ

Seçilən
27
1
xalqqazeti.az

10Mənbələr